Çarpaz baxış

Hər il yüzlərlə gənc öz zəhməti və iradəsi ilə uğura imza ataraq hədəflərinə çatır. Onların hər biri cəmiyyətin intellektual inkişafına töhfə verəcək gələcəyin peşəkar mütəxəssisləridir.

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək arzularına çatan gənclər arasında xüsusi fərqlənənlərdən biri də müsahibimiz Nasir Məlikovdur. Gənc yaşda qazandığı bu uğur, onun çalışqanlığının və möhkəm iradəsinin göstəricisidir. Gəlin, onun bu nailiyyətə necə çatdığını və gələcək planlarını elə özündən dinləyək:

“Hər bir Azərbaycanlı gəncin həyatdakı məqsədi uğurlu olub, valideynlərini qürurlandırmaqdır. İndiki dövrdə isə təhsilli olub həyatda irəliləmək daha da  perspektivlidir. Çünki təhsil elmi özündə birləşdirir və elmin özüdə dərrakəli insan düşüncəsinin formalaşmasına şərait yaradır”. 

Bu fikirləri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu, AzTu-nun 1-ci kurs tələbəsi Nasir Məlikov Crossmedia.az-a verdiyi müsahibəsi zamanı səsləndirib.

-Nasir, ali məktəbə qəbul prosesində səni ən çox motivasiya edən nə idi və bu motivasiyanı necə qoruyub saxladın?

Mən universitetə hazırlaşanda çoxları kimi ali məktəbə daxil olub bütün problemlərimin həll olunacağını və ya uğurlu adam olacağımı düşünmürdüm. Çünki universitetə qəbul olmaq hər şeyin bitdiyi anlamına gəlmir, daha da hər şeyin hələ təzə başladığını insana xatırladır və hazırlaşdırır. Mən universiteti çıxış yolu yox bir prinsip məsələsi olaraq görürdüm. Çünki bu həyatımın ilk sərbəst apardığım mücadiləsi idi. Bu isə mənə nəinki imtahanlarda həmçinin digər həyat senariyolarında da əzmli, fədakar, çalışqan, səbirli və uzaqgörən olmağı öyrətdi. 


-Bəs oxumaq və istirahət arasında balans yaratmaq üçün hansı üsullardan istifadə edirdin?

Mən 5-ci sinifdən gimnaziyazımızın yataqxanasında qalırdım və evə həftəsonları bəzən isə aylarca getmirdim. Burada mənim təhsil almağım üçün mükəmməl bir şərait var idi. 11-ci sinfə kimi mən nə qədər çox sosiallaşıb, əylənən biri olsamda 11-ci sinifdə çox istirahət etdiyim yaddımda deyil. Boş vaxtlarım olurdu amma bu zamanlarda da düşünürdüm. İmtahanlara yaxın mənim artıq bütün sistemim çökmüşdü. Axşam gec yatdığıma görə səhər dura billməyib gimnaziyanın səhər yeməyinə çatmırdım. Bəzi vaxtlar oyanan kimi üzümü belə yumadan axşama kimi dərs oxuyurdum və  yemək yeməyə iştahım belə olmurdu. Bu mənim psixologiyama çox böyük bir zərbə vurmuşdu, amma yenə də mübarizə aparırdım. Bütün bunlara baxmayaraq mən bu elədiklərimi qətiyyən heç kimə məsləhət görmürəm. Çünki 17 yaş insanın ən gözəl yaşlarından biridir. Bu illəri ancaq oxumaqla məşğul olub, sosiallaşmamaq sizin gənc psixologiyanıza böyük zərbə vurar. Çalışın ki, hər şeyi balanslı, öz təbiətinizə uyğun edin. Özünüzü olmadığınız və olmaq istəmədiyiniz birinə çevirməyin.


-Digər tələbələrin də uğur qazanması üçün ən əsas məsləhətin nə olardı?

İmtahanda əgər 600+ bal yığmaq istəyirsinizsə sizə ilk məsləhətim DİM tərəfindən çıxarılan topluları işləməyinizdir. Müəllimlər çox vaxt ev tapşırığını bizə digər nəşriyyatların kitablarından verirdilər. Amma mənə görə bu kitabların sualları çox əlaqəsiz olduğuna görə ev tapşırığını həmişə digər şagirdlərdən köçürürdüm. Mənəvi dəstək tərəfinə gəldikdə isə, sadəcə və sadəcə ÖZÜNÜZƏ GÜVƏNİN, özünüzü fəth etməkdən qorxmayın və həyatın bütün situasiyalarında soyuqqanlı olan bir sərkərdə kimi hesab edin. Unutmayın bu imtahanlar da bir döyüşdür və sizin onu fəth etməyinizi gözləyir.

-Gələcəkdə hansı sahədə ixtisaslaşmaq istəyirsən və niyə məhz bu sahəni seçmisən? 

Gələcəkdə aviasiya sahəsində, xüsusilə pilotsuz uçuş aparatları üzrə ixtisaslaşaraq özümü inkişaf etdirmək istəyirəm. Azərbaycan Müdafiə Sənayesinin gücləndirilməsi isə mənim üçün prioritet bir məsələdir. Hər bir vətəndaş kimi məndə özümü vətənim üçün daima çalışan və onun çiçəklənməsi üçün əlindən gələni edən bir vətəndaş, əsgər kimi görürəm.

Qeyd edək ki, Nasir Məlikov 633.3 balla AzTu-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında bakalavr üzrə təhsil alır. 

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il