Çarpaz baxış

Müxtəlif dinlərin olduğu dünyada insanların sülh və bərabərlik içində yaşaması üçün barışın, hürriyətin və bərabərliyin qorunması, dinlərarası münasibətlərin normal qaydada irəliləməsi və ortaq inkişaf etməsi vacib faktorlardandır.

Dinlərarası münasibətlərin qorunması naminə hər il müxtəlif vaxtlarda dialoqlar təşkil edilir. Məqsəd fərqli dinə etiqad edən insanların birlik və bərabərliyini təmin etmək, onların arasında səmimi münasibətləri qoruyub saxlamaqdır.

Azərbaycan dünyada multikultural və tolerant ölkə kimi tanınır. Buna görə də gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoquna o da dəvət olunub.

Mövzu ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov Crossmedia.az-a müsahibə verib. 

- Dialoqun təmin edilməsi birgəyaşayış fəlsəfəsinin formalaşmasına necə töhfə verə bilər və siz bunu necə qiymətləndirirsiniz?

- Müxtəlif dinləri və məzhəbləri təmsil edən kontingent arasında dialoqun təsis edilməsi cəhdini və bu minvalla təşkil olunan konfransları müsbət qiymətləndirirəm. Bu gün dünyanın bu qəbildən mövzuların müzakirəsinə ehtiyacı var. Belə ki, cəmiyyətdə müxtəlif kimlikləri təmsil edən fərd və kontingentlər arasında dialoqun təmin edilməsi ictimai həyatın mühüm dəyəri olan birgəyaşayış fəlsəfəsinin formalaşmasına mühüm töhvələr verə bilər. Bu dialoqun xüsusilə İslam məzhəbləri, yaxud məktəbləri arasında təmin edilməsi cəhdi isə olduqca vacib məsələdir. 

- İslam aləmindəki məzhəblərarası münaqişələrin ortaya çıxmasının əsas səbəbləri nələrdir?

- Birgəyaşayış və ictimai həmrəylik çərçivəsində ən mühüm problemlərdən biri İslam aləminin bəzi bölgələrində ortaya çıxan məzhəblərarası münaqişələrdir. Belə bir vəziyyət İslam aləminə qarşı olan ölkə, cəmiyyət və qurumlar üçün ideoloji və ictimai zəmin yaradır. Bu məqamı nəzərə alsaq, din və məzhəbzəminli həmrəyliklə bağlı ortaya çıxan problemlərin və bu problemlərin kökündə yatan “mən” və “özgəsi” məsələsinin İslam aləmini maraqlandırması vacibdir. Belə ki, İslam aləmində hələ də məzhəblərin bəşəri zehniyyətin məhsulu olduğu həqiqətini mənimsəməyən bəzi qrup, konfensiya və dini sektaların “tək doğru olan mənim etiqadımdır” zehniyyətinə malik olaraq universal xarakterli dini bir məzhəbin görüşlərinin inhisarına həbsetmə cəhdləriylə Yaxın Şərqi məzhəb münaqişələrinin dərinləşdiyi ictimai mühitə çevirdiklərini görürük. 

- Qərb dünyası ilə müqayisədə İslam dünyasında yaşanan “yadlaşdırma” siyasətinin əsas xüsusiyyətləri nələrdir?

- Qərb dünyası ilə müqayisədə İslam dünyasında bu mənada yaşanan “yadlaşdırma” siyasətinin müsəlmanlıq xaricindəki dini kimliklərə qarşı deyil, məhz İslam dininə mənsub olan etnik və məzhəb zəminində fərqli kimliklərə qarşı həyata keçirildiyini müşahidə edirik. Problemin ən vahiməli cəhəti isə ondan ibarətdir ki, elm və irfandan məhrum olan bəzi müsəlmanların qeyd etdiyim arzuolunmaz mövqeləri onları təəssüf ki, dünyada İslam aləminə istiqamətlənən praqmatik siyasətlərin könüllü oyunçuları halına gətirir. Onu da qeyd edək ki, İslam aləmində müşahidə edilən belə bir problem, müsəlman mədəni mühitində birgəyaşayış ənənəsinin və ictimai həmrəylik çərçivəsindəki tarixi təcrübələrin yoxluğundan deyil, bugünün bəzi müsəlmanlarının və müsəlman cəmiyyətlərinin İslam aləminin bu mənada yaşadığı tarixi təcrübələri, həz. Məhəmmədin həyat fəlsəfəsini və İslam mədəniyyətinin şifrələrini doğru oxuya bilməmələrindən və dini mətnlərə literal (hərfi) yanaşmalarından irəli gəlir. 

- İslam mədəniyyətinin birgəyaşayış prinsipləri Qərb mədəniyyətindən necə fərqlənir?

- Tarixə nəzər salanda Qərb mədəniyyəti ilə müqayisədə Məkkədən Qurtubaya kimi İslam mədəniyyətinin birgəyaşayışla əlaqədar bir çox prinsiplərə və zəngin tarixi təcrübələrə sahib olduğunu görürük. Çünki, bu mədəniyyətin əsaslarını təşkil edən Quran və Sünnənin fərdi və ictimai münasibətlərdə bəşəriyyətə təqdim etdiyi əsas prinsipləri fərd və cəmiyyətlər arasında malik olduqları düşüncə, din, məzhəb və irqə görə hər hansı bir ayrıseçkilik etmir. Bu mədəniyyət ədalətə, haqqa, hüquqa riayəti sıx bir şəkildə əmretməkdə, bu mövzuda İslam normalarının çəkdiyi sərhədlərin çeynənilərək aşılmasını təkidlə qadağan etməkdə və bəşər aləminə hər kimlikdən insanın rahat bir şəkildə yaşaya biləcəyi mədəni müxtəlifliyi ehtiva edən dünya modeli təqdim etməkdədir. Bunun praktiki nümunəsində isə Mədinə sözləşməsi və Vəda xütbəsi ilə yanaşı İslam peyğəmbəri həz. Məhəmmədin müsəlman cəmiyyətdə yaşayan qeyri-müsəlmanlara və zimmət əhlinə yönələn təbliğat və təlimatı istiqamətində formalaşan hüquqi və əxlaqi qaydalar, prinsiplər və əsrlərcə müsəlman olmayanların İslam ölkəsində rifah, sülh və güvən içində yaşaması həqiqəti təşkil edir.

- İslam aləminin hazırki mənzərəsi özündə hansı dəyişiklikləri və çağırışları göstərir?

- İslam aləminin hazırki mənzərəsi bizə onu deməyə imkan verir ki, hazırda multikulturalizm və dialoq çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Hesab edirəm ki, bu çağırışlarda ölkəmizin də təcrübələri bu məsələyə mühüm töhvələr verə bilər. 

- Azərbaycanın multikultural bir dövlət kimi Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda iştirakını necə qiymətləndirirsiniz?

- Bu gün istər dinlərarası, istərsə məzhəblərarası münasibətlər zəminində dünyada narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı digər ölkələrə nümunə olacaq dərəcədə fərqlənir. Ölkəmizdə din və məzhəblərarasında dialoq mühitinin təşəkkül və inkişafının təməlində Azərbaycan xalqının qədim dövrlərdən etibarən sahib olduğu multikultural dəyərlər və bu dəyərlərin ölkə başçısı, Prezident İlham Əliyevin qətiyyətli iradəsilə təbliği yatır. Belə bir məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, bu gün ölkəmiz millətlərarası, dinlərarası və məzhəblərarası münasibətlərin sağlam dialoq əsasında qurulması və inkişaf etdirilməsi baxımından nümunəvi bir ölkə kimi fərqlənir. Ölkəmizdə belə bir mədəni mühitin təşəkkül və inkişaf etdirilməsində azərbaycançılıq məfkurəsinin də xüsusi yeri var. Tarixən dərin köklərə və dəyərlərə söykənən bu məfkurəyə görə tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur, ökəmizin üstünlüyü onun çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görülür. Bunun praktikada təzahürlərini də çox bariz şəkildə görə bilərik. Məlumdur ki, Respublikamızda İslam dini ilə yanaşı, digər dinlərə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrılır. Belə ki, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərir. Burada ən mühüm məqamlardan biri də odur ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışında şəxsən özü iştirak edərək xeyir-duasını və tövsiyələrini verir.

- Respublikamızın məzhəblərarası münasibətləri dialoq zəminində necə təşəkkül edir və bu sahədəki yanaşmalar digər müsəlman ölkələrdən hansı fərqliliklərə malikdir?

- Məzhəblərarası münasibətlərin dialoq zəminində təşəkkül və inkişafında da dövlətimiz özünəməxsusluğu ilə digər müsəlman ölkələrdən fərqlənir. Bu mənada, Cənab Prezident İlham Əliyev tərəfindən elan olunan “Multikulturalizm ili” çərçivəsində 2016-cı il yanvarın 15-də Bakıda Heydər məscidində qılınan vəhdət namazı hadisəsi bir nümunə kimi xüsusilə qeyd edilməlidir. Məlumdur ki, həmin mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Bütün bunlara əlavə olaraq hazırda COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməsi, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsi və bu sahədə əməkdaşlığa daima hazır olduğunu din xadimləri və alimlərinin məruzələri ilə bəyan etməsi də olduqca mühüm bir hadisədir. Bu möhtəşəm mənzərə ölkəmizin dinlərarasında və məzhəblər arasında həmrəyliyin, o cümlədən İslam həmrəyliyinin daha da güclənməsinə verdiyi mühüm töhfələrdən biri kimi dəyərləndirilməlidir. 

- Anar müəllim, gələn il Bəhreyində keçiriləcək dialoq zamanı hansı məsələlər müzakirə oluna bilər və ya olunmalıdır?

- Dinlər arasında və məzhəblər arasında münasibətlərin dialoq zəminində qurulması məsələsində ilkin olaraq dinlərin və məzhəblərin teoloji və etik aspektlərdən ortaq dəyərlərinə diqqət çəkilməlidir. Hesab edirəm ki, müxtəlif dini konfesiyalar arasında dialoqun bünövrəsini ortaq dini-mənəvi və əxlaqi dəyərlər təşkil edir. Çünki dinlərin təməl hədəfi mərkəzində ilahi norma və əxlaqi dəyərlərin olduğu bir dünyagörüşü formalaşdırmaq və insanları bu dünyagörüşü əsasında tərbiyə etməkdir. Bu həyat fəsəfəsinin fərdin daxili aləmində olduğu kimi, ictimai həyatda da sülhün və əmin-amanlığın təşəkkülünə xidmət edəcəyinə, bunun üçün cəmiyyətdə teoloji, epistemoloji və psixoloji zəmin yaradacağına inanılır. Yəni bütün məsələ yaxşılığa və fəzilətlərə xidmət edəcək fərd və cəmiyyət formalaşdırmaqdır. Ona görə də hesab edirəm ki, hər şeydən əvvəl dinlərin və məzhəblərin ortaq dini, mənəvi və əxlaqi dəyərləri müəyyən edilməli, bu mənada dinlər və məzhəblər arasındakı münasibətlər dəyərləndirilməli, tənqid süzgəcindən keçirilməli, daha sonra həmin dəyərlər sayəsində dinlər və məzhəblər arasında münasibətlər dialoq əsasında müzakirə obyektinə çevrilməlidir.

Bu mənada, xüsusilə İslam aləmində məzhəb zəminində baş verən münaqişə və ixtilaflar, dinimizə uyğun olmayan fikir, duyğu və fəaliyyətlər İslam dininin universal etiqadi, əxlaqi və mənəvi prinsipləri işığında analiz edilərək açıq şəkildə qınanmalı, bu qəbildən münaqişələrin müsəlman aləmi üçün doğurduğu mənəvi, sosial, siyasi və iqtisadi fəsadlar cəmiyyətin dini, ideoloji və siyasi təhlükəsizliyi aspektindən elmi müstəvidə əsaslandırılaraq ortaya qoyulmalı, bu kimi problemlər zehnimizin tənqid süzgəcindən keçirilməli, bir ölkədə din və məzhəbzəminli münaqişələrin həmin cəmiyyətlərin aid olduqları ölkənin siyasi mövcudluğu və suverenliği üçün də böyük təhlükə mənbəyi olacağı və bu kimi fəaliyyətlərə fürsət verilməməsinin vacibliyi vurğulanmalıdır. 

- Cəmiyyətdə din və məzhəb zəminində münasibətlərin dialoq mədəniyyətinə əsaslanması üçün hansı təhsil və maarifləndirmə tədbirləri həyata keçirilməlidir?

- Bu mənada, cəmiyyətin bütün üzvlərinin üzərinə böyük məsuliyyətlər düşür. Başda ailə institutları olmaqla, təhsil qurumları və kütləvi informasiya vasitələri din və məzhəb zəminində qurulan münasibətlərin dialoq mədəniyyətinə və prinsiplərinə söykənməsini təmin edəcək təlim-təbliğat işləri ilə layiqincə məşğul olmalıdırlar. Bununla yanaşı, marifləndirmə sadəcə din sahəsində deyil, məktəbəqədər, orta məktəb və ali təhsil müəssisələrində insanın dünyagörüşünün müxtəlif istiqamətlərini təşkil edən fənnlərdə də düzgün şəkildə aparılmalıdır. Çünki dünyəvi elmlərdə düzgün təhsilin verilməsi dini-mənəvi məsələləri doğru dəyərləndirmək üçün insanlarda məntiqi və analitik təfəkkür qabiliyyətlərinin formalaşmasına ciddi töhfələr verə bilər.  

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il