Azərbaycan hökuməti 2024-cü ilin noyabr ayında aliment ödənişlərinin artırılması barədə qərar qəbul edib. Bu addım övladlarını təkbaşına saxlayan valideynlərə daha yaxşı dəstək vermək və sosial təminat sistemini möhkəmləndirmək məqsədi güdür. Yeni tənzimləmələr ölkənin iqtisadi vəziyyətini nəzərə alaraq aliment məbləğlərini müəyyən edir.
Məsələ ilə bağlı vəkil Yalçın Hacızadə Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, uşaqların saxlanılması üçün aliment, ya məhkəmə qaydasında, ya da aliment sazişi əsasında valideynlərdən tutulur. Aliment sazişi ilə ödəniləcək məbləğin miqdarı isə tərəflərin razılığı əsasında müəyyən edilir. Lakin bu qanunda nəzərdə tutulan minimum məbləğdən az olmamalıdır:
“Məhkəmə qaydasında alimentin miqdarı məcburi şəkildə Ailə Məcəlləsinə əsasən təyin edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, uşaqlar üçün məhkəmə qaydasında tutulacaq alimentin miqdarı hər ay üçün bir uşağa görə qazancın və ya digər gəlirlərin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə qazancın və digər gəlirlərin yarısı kimi təyin edilir”.
O həmçinin vurğulayıb ki, əgər valideyn işləmirsə və ya onun gəliri rəsmi olaraq qeydiyyata alınmayıbsa, məhkəmələr Azərbaycan Respublikasında hər il müəyyən edilən yaşayış minimumuna əsaslanaraq, bir uşağın saxlanması üçün tələb olunan məbləği müəyyən edirlər:
“Ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədi ilə hər il yaşayış minimumu artırılır, bununla yanaşı uşaqların saxlanılması üçün nəzərdə tutulan məbləğ də artır. 2025-ci il üçün bu məbləğin 246 manat olacağı gözlənilir”.
Son olaraq Y.Hacızadə onu da qeyd edib ki, “Yaşayış minimumu haqqında Qanunda” uşaqların saxlanılması üçün nəzərdə tutulan məbləğ rəsmi olaraq “aliment məbləği” hesab olunmur. Bu sadəcə, məhkəmələr tərəfindən rəsmi iş yeri olmayan valideynlərin aliment ödəməsi üçün istifadə edilən meyar növüdür.
Aytac Bəhruzqızı