COP29

11-22 noyabr tarixlərində Bakıda keçirilən COP29 iqlim dəyişikliyi üzrə danışıqların tarixində yeni səhifə açdı. 

80 dövlət və hökumət başçısının, 200-ə qədər ölkənin 76 mindən çox iştirakçının qatıldığı bu möhtəşəm tədbir təkcə təşkilatçılıq baxımından deyil, həm də qəbul edilən qərarların əhəmiyyətinə görə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Qeyd edim ki, Azərbaycan, "Yaşıl dünya naminə həmrəylik" şüarı altında ev sahibliyi etdiyi bu zirvə toplantısında mühüm qlobal razılaşmalara vasitəçilik edərək iqlim mübarizəsində öz mühüm töhfəsini verdi.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, "Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu".

Bakı COP-u bir sıra tarixi qərarlarla da yadda qaldı. İlk növbədə, iqlim dəyişikliyinin ən ağır təsirlərindən əziyyət çəkən ölkələr üçün nəzərdə tutulmuş Zərər və İtki Fondu və  karbon emissiyalarının tənzimlənməsi üzrə çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsi də tam işlək vəziyyətə gətirildi.

Fond, fəlakətlərin ağır nəticələrini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maddi dəstəyi təmin edəcək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirəcək.

6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi isə qlobal karbon bazarının fəaliyyətinə şəffaflıq gətirərək, emissiyaların azalmasını stimullaşdıracaq və dayanıqlı inkişaf üçün yeni imkanlar açacaq.

COP29-un ən əlamətdar nailiyyətlərindən biri də Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müəyyənləşdirilməsi oldu. Bu razılaşma, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi təmin etmək məqsədini daşıyır. Məqsəd, həmin ölkələrin iqlim dəyişikliklərinin fəsadları ilə mübarizədə daha güclü dayanıqlıq əldə etməsidir. Bu qərar, inkişaf etməkdə olan dövlətlərin bərabər və dayanıqlı gələcəyə doğru irəliləməsinə kömək edəcək.

Azərbaycanın bitərəf vasitəçi kimi çıxışı, bütün iştirakçıların razılaşmalara ədalətli və qərəzsiz yanaşmasını təmin etdi. Bakı, həmçinin, danışıqların yüksək səviyyədə keçirilməsi üçün müasir infrastrukturu və təşkilatçılıq bacarığını nümayiş etdirdi. COP29 Azərbaycanı təkcə regional deyil, qlobal səviyyədə də iqlim məsələlərində önəmli oyunçu kimi tanıtdı.

Eyni zamanda dünya ölkələrini iqlim dəyişikliyi ilə mübarizədə birləşdirərək, qlobal əməkdaşlığın gücünü nümayiş etdirdi. Bu zirvə toplantısı, iqlim diplomatiyasında "yaşıl gələcək" istiqamətində yeni yol xəritəsini təyin etdi.

Azərbaycanın təşəbbüsləri ilə qəbul edilən bu qərarlar təkcə cari problemlərin həllinə deyil, həm də gələcək nəsillər üçün daha təmiz, dayanıqlı və yaşıl dünya yaratmaq məqsədinə xidmət edir. Bakı COP-u, dünyaya yaşıl gələcək üçün həmrəyliyin vacibliyini bir daha xatırlatdı və iqlim dəyişikliyi ilə mübarizənin qlobal prioritet olduğunu sübut etdi.

Azərbaycan, dünyamiqyaslı tədbirin möhtəşəm təşkilini təmin etməklə yanaşı, eyni zamanda ona qarşı yönəlmiş qarayaxma kampaniyasına qarşı da qətiyyətlə mübarizə aparırdı. 

Prezident İlham Əliyevin də vurğuladığı kimi: "Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Biz, tərəfsiz vasitəçi kimi çıxış edərək, qərəzsiz və hərtərəfli danışıqlar üçün bütün imkanları yaratdıq."

Bu tarixi nailiyyətlər, Azərbaycanın beynəlxalq arenada öz məsuliyyətini dərk edən, qlobal problemlərin həllinə töhfə verən lider ölkə statusunu bir daha təsdiqlədi.

COP29, yaşıl dünyaya doğru atılan ən böyük addımlardan biri kimi yadda qalacaq.

Əsli Telmanqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il