Günümüzdə bir çox gənc çalışır ki, diplom alıb yaxşı iş sahibi olsun. Onlar ali təhsili uğurlu karyera qurmağın əsas şərti kimi görürlər. Bu yanaşma, cəmiyyətdə uğurun əsasən peşəkar nailiyyətlərlə ölçülməsindən qaynaqlanır. Bəs universitet təhsili ilə əldə olunan biliklər iş bazarının real tələblərinə uyğun gəlirmi?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, dünyada inkişaf etmiş ölkələrin təcrübəsindən də görürük ki, bilik bütövlükdə ən vacib aktivlər kimi bu gün özünü göstərməkdədir:
"Yəni təbii sərvətlər, təbii ki, ölkələrin inkişafına kömək ola bilər. Amma biz birmənalı olaraq deyə bilərik ki, bilik, bacarıq hər bir insanın, eyni zamanda, toplumun, cəmiyyətin, dövlətin inkişafında bir nömrəli faktordur. Söhbət burada təkcə diplom almaqla yekunlaşmır. Yəni aldığın diplom sənin əldə etdiyin biliklərin göstəricisi kimi özünü təsdiq etməlidir. Yəni sadəcə mənim diplomum olsun deyə universitetdə dörd ilimi keçirim və bir kağız parçası alım. Əlbəttə, bu yetərli deyil. Söhbət həqiqi bilikləri almaqdan gedirsə, universitetlər bütövlükdə dünyada əmək bazarının tələblərini qarşılayacaq.
Birmənalı olaraq deyə bilərik ki, insan faktoru, kapitalı ən dəyərli kapital kimi özünü təsdiq edibdir və bu, bundan sonra da belə olacaq. Təsadüfi deyil ki, Azərbaycanda məhz bu amilə böyük önəm verərək dövlət gənclərimizin təhsilli olması üçün ən yaxşı reytinqli universitetlərində təhsil almasında maraqlıdır. 2007-ci ildə cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət proqramını qəbul etdi. O, Prezidentin şəxsi təşəbbüsü idi və şəxsi iradəsi nəticəsində ərsəyə gəlmiş bir sənəd idi və İlham Əliyev böyük uzaqgörənliklə neft kapitalını insan kapitalına çevirmək şüarını həm də əməldə göstərdi. Eyni zamanda bizim kasıb ailələrdən olan gənclərimizin dövlətin vəsaiti, neft kapitalından əldə olunmuş gəlirləri hesabına təhsil almasını təmin etdi. Bu gün həmin gənclər Azərbaycanın əmək bazarında, dövlət idarəçiliyində, ayrı ayrı qurumlarda, Azərbaycanın özəl, dövlət sektorunda çox vacib mövqedədirlər. Həmçinin onların dövlətin inkişafında rolu birmənalı olaraq danılmazdır və əvəzedilməzdir. Əlbəttə ki, cəmiyyətin uğurunun əsası biz həmin savadlı, bilikli insanlarla bağlıdır"
Ekspertin sözlərinə görə, bundan sonra da bilik, savad gələcəkdə daha da ciddi faktor kimi özünü göstərəcək: "Bu gün dünya sürətlə dəyişir. Elmi, texnoloji yeniliklər və onların gətirdikləri qlobal mənada inkişaf yenə də, biliklərdən asılı olacaq. Artıq dünya dördüncü sənaye inqilabi dövrünü yaşayır. Dördüncü sənaye inqilabında universitetlər də çox vacib qurumlar kimi bir daha özlərini təsdiq edəcəklər. Hansı ölkələr bilikləri verə biləcək universitetlər yaradacaqlarsa, onların inkişafı daha davamlı olacaq və dayanıqlı olacaq. Təbii sərvətlər tükənəndir, amma savadlı, bilikli kadrlar yeni texnologiyaları yaradacaqlar. Süni intellekt, süni zəka artıq inkişaf etmiş ölkələrdə sıçrayışlı inkişafı həm də təmin edirlər. Bu mənada mən düşünürəm ki, mütləq şəkildə universitetlərimiz öz inkişaf konsepsiyalarını qurmalıdırlar və ümumi inkişafın həm də lokomotivi kimi çıxış etməyi bacarmalıdırlar. Mən təəssüf edirəm ki, bizim universitetlər bildiyimiz qədər də bu yükü daşımaq gücündə deyillər. Ola bilsin, əzim, istək var, amma həm də onları biz yaratmalıyıq. Mən təsadüfən sözümün əvvəlində xaricdə təhsil dövlət proqramına toxunmadım. Artıq cənab Prezident universitetlərin inkişafı ilə bağlı konsepsiyanı bütövlükdə işlək mexanizmi yaratmaq ideyasını gerçəkləşdirməkdədir".
İlqar Orucov Azərbaycan reallığında universitetlərimizin verdiyi biliyin əmək bazarında özünü nə dərəcədə doğrultduğundan da söz açıb:
"Təbii ki, yaxşı məqamlar var. Amma hər şey ürəkaçan deyil. Nə qədər ki, səhvlərimizi görməyəcəyik və görməməzlikdən gələcəyik və nə qədər ki, hər şey yaxşıdır deyəcəyik mən düşünürəm ki, biz dünyanın inkişafından geri qalacağıq. Ona görə ki, dünya çox sürətlə inkişaf edir və bu sürətli inkişaf həm də universitetlərlə bağlıdır. Bu sürətli inkişaf həm də elmi mərkəzlərə, tədqiqat müəssisələrinə bağlıdır. Amma bizim universitetlərimiz hələ ki, elmi tədqiqat işlərində çox aktiv deyillər.
Bəzən görürük ki, gənc bir məzundur, amma onun universitetdə aldığı biliklər qlobal əmək bazarında demək olar ki, özünü doğrulda bilmir. Çünki biliklər də yenilənir və eyni zamanda, köhnə üsullarla verilən biliklər də bəzən özünü doğrultmur. Bu baxımdan da mən fikirləşirəm ki, bizim universitetlərimizdə inqilabi dəyişikliklər eləmək həqiqətən çətindir. Çünki universitetlərin özlərinin kadr bazası mükəmməl deyil və həm də yerində deyil. Adi məzmuna baxanda proqram məzmunlarımızda nə qədər çatışmazlıqlar var. Onların hamısına ümumi, nəzər salanda görürük ki, birmənalı olaraq deyə bilərəm ki, mülki əmək bazarı üçün tələb olunan səviyyədə bilikləri təəssüf edirəm ki, verə bilmirik. Bununla yenə də mən qeyd etmək istəyirəm. Bu, təkcə universitetlərin istəmədiyindən irəli gəlmir. Çünki universitetlərin də bir bazası olmalıdır. Universiteti universitet edən, həm də orada çalışan kadrların peşəkarlığıdır. Ancaq, təəssüf edirəm ki, hələ o lazımi peşəkarlığı təmin edə bilməmişik. Mən hər zaman universitetimizlə bağlı bir düşüncəyə malikəm ki, universitetlər həm də peşəkar kadr hazırlığında maraqlı olmalıdır. Amma bizim universitetdə neyniyirlər hər şeyə pul tapılır, universitetin təmirinə, sementə pul tapılır, amma 5 savadlı, perspektivli gənci yetişdirib onu xaricdə oxutdurub və onu yenidən öz universitetində işlə təmin edə bilmirlər. Bizim universitetdə onu yarada bilmirlər, onun həmin formatda fəaliyyətini qura bilmirlər.
O baxımdan da mən hesab edirəm ki, universitetlər həm də məsuliyyətlərini dərk etməlidirlər. Onlar eyni zamanda, ali siyasi rəhbərliyin istəklərini və dövlətimizin inkişafında göstərdikləri ümumi siyasətə dəstək ifadə etməlidirlər. Bu mənada hesab edirəm ki, biz səfərbər ola bilsək, əlbəttə ki, uğur qazana bilərik və həm də uğurlu insan anlayışını təkcə sözdə deyil, həm də uğurlu insanları yetişdirərək göstərə bilərik".
İ.Orucov fikrini bu cümlələrlə yekunlaşdırıb: "Biz dünyaya baxsaq görərik ki, burada təkcə ali təhsildən söhbət getmir. Təhsilin digər pillələrinin inkişafı həm də ümumi cəmiyyətin inkişafı deməkdir. Peşə təhsilinin inkişafına ciddi önəm vermək lazımdır. Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı çox yaxşı addımlar atılır və ümid edirəm ki, onlar genişlənəcək. Həmçinin peşə təhsilinin hüquqi bazası genişləndirilir. Hesab edirəm ki, bu da dövlətin prioritetlərində çox vacib məqamlardan biridir. Nəticə etibarı ilə biz gənclərimizə öyrənməyin yollarını göstərməliyik. Yəni ola bilər ki, hər şeyi universitet verə bilməsin, amma biz universitetdə elə bir mühit yaratmalıyıq ki, o gəncə o yolu göstərə bilsin. Bu çox önəmlidir".
Elnurə Kərimova