Yaxın şərq

İranın 85 yaşlı ali dini lideri Əli Xameneinin varisi ilə bağlı müzakirələr son günlərdə yenidən gündəmə gəlib. İsfahanın cümə imamı və İran Ekspertlər Şurasının üzvü Əbülhəsən Məhdəvi, Xameneinin istəyi ilə gələcək ali dini liderlik üçün 3 potensial namizədin təsdiqləndiyini açıqlayıb. Hələlik, bu şəxslərin kimliyi ictimaiyyətə açıqlanmasa da, siyasi dairələrdə böyük marağa və müzakirələrə səbəb olub. Xameneinin 88 nəfərlik Ekspertlər Şurası ilə gizli müzakirələri və son seçim prosesinə dair xəbərlər İranın gələcəyi üçün kritik bir mərhələnin başlanğıcını işarə edir.

İranın dini liderinin dəyişməsi təkcə ölkədaxili deyil, həm də beynəlxalq siyasət üçün əhəmiyyətli bir hadisə ola bilər. Bu məsələni daha da mürəkkəbləşdirən, Xameneinin gizli görüşlərinin bir çoxu ABŞ-da Donald Trampın yenidən prezident seçilməsindən sonra baş verməsidir. Bu, Tehranın ABŞ-la münasibətlərində ciddi dəyişikliklər ola biləcəyini göstərir.

Ekspertlər Xameneinin varislik üçün ən güclü namizəd kimi öz oğlunu, Müctəba Xameneini gördüyünü deyirlər. Ancaq Müctəbanın ali dini lider postuna namizəd olması ölkədə və xaricdə fərqli reaksiyalara səbəb olur. Onun Prezident Məsud Pezeşkian ilə münasibətlərinin gərgin olması da nəzərəçarpan detaldır. Bu gərginlik, bəzi müşahidəçilər tərəfindən varislik məsələsində daxili çəkişmələrin işarəsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Əli Xameneinin səhhətinin ağır olduğuna dair xəbərlər şişirdilmiş ola bilər. Xamenei müntəzəm müalicə alır və hələlik iş qabiliyyətini tam itirməyib. Jurnalistin fikrincə, Məhdəvinin açıqlaması sadəcə ictimaiyyətin və siyasi qüvvələrin reaksiyalarını yoxlamaq məqsədilə bir sınaq ola bilər. “Əgər namizəd var idisə, niyə onun adı açıqlanmır?” deyə Cəfərli qeyd edir və ehtimal edir ki, bu sadəcə Xameneinin ətrafındakı qüvvələrin daxili çəkişmələrini müəyyənləşdirmək üçün düşünülmüş addımdır. Eyni zamanda, jurnalist əlavə edir ki, bu xəbərlərin məqsədi rejimin daxili təhlükəsizliyini təmin etmək və təhlükəli qüvvələri neytrallaşdırmaq üçün ola bilər.

“2022-ci ildə baş vermiş hicab qiyamından sonra molla rejimi ciddi şəkildə mövqe itirdi. İslam inqilabından keçən 40 ildə ilk dəfə rejim şəriət qaydaları ilə bağlı geri addım atdı. Bu gün İranın iri şəhərlərində gənc tələbə qızlar hicab bağlamır. Əxlaq polisinin fəaliyyəti məhdudlaşdırılıb. Halbuki hicab İran molla rejiminin qırmızı xətti idi. Ondan geri çəkilmək olmazdı. Xalqın narazılığı o həddə idi ki, rejim güzəşt etmək zorunda qaldı.” – deyə Cəfərli vurğulayıb.

Elman Cəfərli post-Xamenei dövründə İranda köklü islahatların qaçınılmaz olduğunu düşünür. Onun fikrincə, Xameneinin ölümündən sonra İran rəhbərliyində ciddi struktur dəyişiklikləri ola bilər. Xameneinin oğlu Müctəbanın lider olaraq qüvvədə olması ehtimalı zəifləyib və bu, Prezident Məsud Pezeşkianın mövqeyinin güclənməsi ilə əlaqələndirilir. Cəfərlinin fikrinə görə, İranın rəhbəri postunun özü də Xameneinin dövrü ilə birlikdə tarixə çevrilə bilər. İslahatçı qüvvələr İslam Respublikasının qorunmasını, lakin onun rəhbərlik sisteminin dəyişdirilməsini nəzərdə tutan yeni bir struktur yaratmağa çalışırlar.

Bu islahatlar çərçivəsində İranda qarışıq prezident-parlament sisteminə keçid nəzərdə tutulur, hansı ki, dini liderlikdən fərqli olaraq, mollaların bir siyasi partiya kimi təmsil olunmasını təmin edə bilər. Cəfərli hesab edir ki, bu sistem İranın daxili sabitliyinə və beynəlxalq imicinə müsbət təsir edə bilər.

Xameneinin varis məsələsi İranın xarici siyasətinə də əhəmiyyətli təsirlər göstərə bilər. İranın xomeyniçilik ideologiyasını bölgəyə yaymaq strategiyası Qərb və İsrailin təzyiqləri nəticəsində çətinləşib. Qərb müttəfiqlərinin dəstəyi ilə İranın proksi qruplarına qarşı hücumların artması İran rejimini yeni həll yolları tapmağa sövq edir. Hazırkı İran hökuməti sanksiyaların aradan qaldırılması üçün müəyyən güzəştlərə hazır olduğunu göstərir və bunun yaxın gələcəkdə region siyasətində ciddi dəyişikliklərə səbəb olacağı ehtimal edilir.

Xameneinin varisi ilə bağlı müzakirələr və gizli seçimlər İranın gələcəyi üçün dönüş nöqtəsi ola bilər. Bu, təkcə ölkə daxilində deyil, regionda da siyasi dinamikaya ciddi təsirlər edəcək bir prosesdir. İranda yaxın dövrdə islahatların artacağı və beynəlxalq siyasətdəki mövqelərin yenidən nəzərdən keçiriləcəyi gözlənilir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il