Çarpaz baxış

Azərbaycanın müdafiə sənayesi son on ildə əhəmiyyətli inkişaf yolu keçib. Bu sahənin gücləndirilməsi, ölkənin hərbi müstəqilliyini və müdafiə qabiliyyətini təmin etmək məqsədini güdür, eyni zamanda iqtisadi və texnoloji inkişafı da dəstəkləyir. Dövlətin beynəlxalq nüfuzu bilavasitə onun hərbi gücü ilə əlaqəlidir. Hərbi güc Azərbaycanın beynəlxalq aləmdəki təsirini artırır. İstehsal olunan hərbi texnikalar, eyni zamanda xarici dövlətlərlə həyata keçirilən hərbi əməkdaşlıqlar, Azərbaycanın müdafiə sənayesinin sürətlə inkişaf etməsinə imkan verir.

2024-cü ildə Fire Power nəşriyyatının məlumatına görə, Azərbaycan 145 ölkə arasında 59-cu, ABŞ-nin U.S. News & World Report nəşrinin təqdim etdiyi statistikaya əsasən isə dünya sıralamasında 29-cu yerdədir. Bu, müstəqilliyini 33 ildir bərpa edən bir dövlət üçün əhəmiyyətli bir göstəricidir. Bu göstəricilər yalnız xarici hərbi əməkdaşlıqların deyil, həm də istehsal edilən yerli silahların nəticəsidir. Belə ki, ölkəmizdə “TR-107”, “TRB-107”, “Şimşək” iri kalibrli snayper pulemyotu, “Gürzə” hərbi maşını, “İstiqlal-14,5” anti-materiya tüfəngi və 2024-cü ildə “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən “Turan-1” silahları istehsal edilir.

Bəs Azərbaycanın hərbi sahədəki sürətli inkişafı regiondakı hərbi-siyasi balansda hansı rola malikdir? Mövzu ilə bağlı Crossmedia.az-a şərh verən hərbi ekspert Cəlil Xəlilov bildirib: “Azərbaycanın müdafiə sənayesi tərəfindən istehsal olunan yerli silah-sursat, hərbi texnika regional hərbi-siyasi vəziyyətə təsir göstərən mühüm amillərdən biridir. Gündən-günə genişlənən və şaxələnən bu inkişaf hər şeydən öncə Azərbaycanın silah idxal edən dövlətdən silah ixrac edən ölkəyə çevrildiyini göstərir. Bu gün Azərbaycan 1000-dən çox adda müxtəlif silah-sursat istehsal edir ki, bu da olduqca yüksək göstəricidir. Ölkəmizdə hərbi sənaye kompleksinin ildən-ilə genişləndiyini, hər il yeni silahlar istehsal edildiyinə nəzər salsaq, yaxın gələcəkdə bu rəqəmin daha da artacağı şübhəsizdir. Bu isə hər şeydən öncə dövlətimizin hərbi qüdrətinə dəlalət edir”.

C.Xəlilov deyib ki, müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə silah-sursat istehsalı mühüm rol oynayır: “Bu məsələdə xarici ölkələrdən ciddi mənada asılılıq olduqca risklidir. Çünki istənilən an idxalçı ölkəyə silah-sursat satışı dayandırıla bilər ki, bu da həmin ölkənin faktiki olaraq müdafiəsiz qalması deməkdir. Məhz buna görə də Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə müdafiə sənayesinin inkiaşafına hər zaman xüsusi diqqət yetirib, bunu ölkəmiz üçün prioritet məsələlərdən biri elan edib.

Xatırladım ki, Azərbaycan 44 günlük Vətən müharibəsində xarici silahlarla yanaşı, yerli istehsal olan silah-sursatdan, hərbi texnikadan da çox geniş istifadə etdi. Sevindiricidir ki, yerli istehsal nümunəsi olan silah-sursatların hamısı real hərbi əməliyyatlar zamanı özünü doğrultdu, yüksək keyfiyyəti ilə diqqət çəkdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan Vətən müharibəsindən sonra silah-sursat ixracını xeyli genişləndirib ki, bu da olduqca qürurvericidir. Bu gün dünyanın onlarla ölkəsi Azərbaycan istehsalı olan silah-sursatı həvəslə idxal edir ki, bu, iqtisadiyyatımız üçün də ciddi divident deməkdir.

Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə hərbi istehsal baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcək və dünyanın ən müasir dövlətləri ilə silah bazarında uğurla rəqabət aparacaq”.

Hərbi ekspert Ədalət Verdiyev də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan son dövrlərdə müdafiə sənayesinin inkişafına kifayət qədər diqqət ayırır. Hazırda Türkiyənin 7 şirkəti ilə müdafiə sənayesinin tabeliyi altında olan şirkətlər arasında layihələr davam etdirilir. Bu il ərzində bir neçə məhsul bir yerdə istehsal edildi və onlar “ADEX-2024” sərgisində ictimaiyyətə təqdim olundu. Yaxın 2-3 il ərzində biz daha çox yerli və milli məhsulların silah bazarına çıxacağının şahidi olacağıq. Azərbaycan bir çox silah-sursat istehsal prosesini artıq həyata keçirib və gələcəkdə onların miqyası daha da genişlənəcək ki, bu da Azərbaycanın xaricdən olan silah-sursat idxalının kifayət qədər azalması ilə nəticələnəcək. Digər tərəfdən isə hazırda müdafiə sənayesinin məhsullarına artan tələbat müşahidə olunur və bu tələbatın ödənilməsində də Azərbaycanın müdafiə sənayesi şirkətlərinin rolu getdikcə artacaq. Nəticə etibarilə bu Azərbaycanın regionda lider dövlət mövqeyini qorumasına kifayət qədər ciddi təsir edəcək”.

Yekunda qeyd edək ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı, ölkənin hərbi gücünü artırmaqla yanaşı, regional və beynəlxalq aləmdəki mövqeyini də gücləndirir. Yerli silah istehsalının artması, ölkənin müstəqilliyini möhkəmləndirmək və strateji tərəfdaşlarla olan əməkdaşlıqlarını genişləndirmək baxımından önəmlidir. Eyni zamanda, Azərbaycanın istehsal etdiyi müasir hərbi texnologiyalar, onu regionda təsirli bir aktor halına gətirir.

Dövlətin bu sahədəki uğurları, yalnız hərbi sahədə deyil, həm də iqtisadi, sosial və siyasi aspektlərdə əhəmiyyətli irəliləyişə səbəb olur. Azərbaycanın müdafiə sənayesinin gələcəkdə daha da inkişaf edərək, regional təhlükəsizliyin təmin edilməsində və hərbi-siyasi balansın qorunmasında rolunu artırması ehtimalı yüksəkdir. Beləliklə, bu proses Azərbaycanın strateji maraqlarını qorumağa və ölkənin beynəlxalq arenada daha güclü bir aktor olmasına imkan yaradacaq.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il