Çarpaz baxış

Son illərdə Azərbaycanda su resurslarının çirklənməsi ciddi ekoloji problemə çevrilib. Sənaye fəaliyyəti, kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr və şəhər tullantıları su mənbələrinin keyfiyyətini zəiflədir, bu isə əhalinin sağlamlığına və ekosistemin tarazlığına mənfi təsir göstərir. Su çirklənməsi ilə mübarizə və resursların mühafizəsi üçün cəmiyyətin və mütəxəssislərin birgə fəaliyyəti zəruridir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, Azərbaycanın su mənbələri qonşu dövlətlər tərəfindən çirklənməyə məruz qalır:

“Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq çay var, onların bütövlükdə ümumi uzunluğu 33665 kilometr təşkil edir. Ölkə ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır. Kür Türkiyə və Gürcüstandan keçərək ölkəmizə daxil olur, Araz Ermənistanda keçən transərhəd çayıdır. Çaylarımız ən çox Ermənistan və Gürcüstan ərazisində çirkləndirilir.

Gürcüstan su ehtiyatlarının bolluğuna görə, Avropada üçüncü yerdədir. Gürcüstan ərazisində ümumi uzunluğu 60 min kilometr olan 26 min çay axır. Bu çaylardan biri də Kür çayıdır. Vurğulayır ki, Kür çayı Cənubi Qafqazda ən böyük çaydır və öz mənbəyini Türkiyədən alaraq üç ölkənin ərazisindən keçməklə Xəzər dənizinə tökülür. Kür çayının Gürcüstan hissəsində uzunluğu 390 kilometrdir. Kür çayı Tbilisi və Rustavi kimi iri sənaye şəhərlərindən keçir. Acı həqiqət budur ki, hər iki şəhərin sənaye və kanalizasiya suları təmizlənmədən Kürə axıdılır. Bu çay, eyni zamanda, ölkəmizin ərazisində Xrami çayını qəbul edir. Bolnisi rayonunun ərazisində yerləşən Madneuli dağ-mədən müəssisəsində işlədilmiş sianid tullantıları Maşaveri çayı vasitəsilə Xrami çayına axıdılır. Onun vasitəsilə də zəhərli maddələr Kürə qarışır. 

Ekspertin sözlərinə görə, su nümunələrinin analizləri sularda çirklənmənin normadan yüksək olmasını göstərir:

“Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Bunlar Ağstafa çayı, Həsənsu çayı, Bazarçayı, Oxçuçay, Arpaçay, Bəsitçay və digərləridir.

2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su nümunəsi, 180 dib çöküntüsü nümunəsi götürülüb.

Analizlər həm ölkə daxilində, həm də xaricində yoxlanılıb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir. Çay ağır metallarla çirkləndirir.  Ən narahatedicisi budur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir.

Son araşdırmalar göstərir ki, transərhəd çaylarımız normadan 5-7 dəfə çirklənməyə məruz qalır. Çayın şiddətli çirkləndirilməsi yerli əhaliyə, Araz, Kür çaylarının və Xəzər dənizinin bioresursları və ekosisteminə ciddi təhdid yaradır.

Ermənistanın Alaverdi dağ-mədən müəssisəsinin tullantıları da təmizlənmədən Debet çayına axıdılır. Həmin çay Xrami çayının bir qoludur və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun ərazisindən keçir.Kür çayının Gürcüstanla həmsərhəd Şıxlı-2 məntəqəsində Ağstafaçayda, Ağstafaçay su anbarında əsas çirkləndiricilərdən olan fenollar, mis birləşmələri, neft və neft məhsulları yol verilən qatılıq həddini keçmişdir. Arazın sol qollarından biri də Azərbaycan ərazisində formalaşan Həkəri çayıdır. Bu, yeganə, bəlkə də unikal çaydır ki, təmizdir. Bu çaydan çox səmərəli istifadə etmək lazımdır.  BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Transərhəd çaylarımızın çirkləndirilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinədir”.

Cəfərli qeyd edir ki , təhlükəli tullantılar insanla təmas zamanı insan sağlamlığına çox ciddi təsir edə bilən tullantılardır. Bunlar ağır metallar: qurğuşun, arsen, sink, molibdendir. Məsələn, bir azyaşlının bədəni qurğuşunla çirklənərsə, onda beynin inkişafı ləngiyir. Bu, uşağın gələcək bacarıqlarına mütləq mənada təsir edir. Arsenlə çirklənmə uşaqlarda qısaboyluluq yaradır. Civə ilə çirklənmə xərçəng kimi sağalmaz xəstəliklər törədə bilir.

Azərbaycan tərəfi transərhəd çaylarının idarə olunması ilə bağlı 1992-ci il Helsinki konvensiyasına imza atıb. Lakin digər qonşu dövlətlər bu sənədə qoşulmayıblar. Biz qonşu dövlətlərin də bu konvensiyaya qoşulmasına nail olmalıyıq. Qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə su resurslarımıza ciddi qənaət olunmalıdır. Çaylarımızı mədən sənayesinin çirkli sularından qorumalı, çay hövzəsindəki flora və faunanın qayğısına qalmalıyıq”,- deyə ekspert vurğulayıb.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il