Çarpaz baxış

Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Fiziki məhdudiyyətli şəxslərin təhsil, iş bazarı və ictimai həyata qoşulma səyləri cəmiyyətdəki bir sıra problemlər və maneələrlə qarşılaşır. Rəsmi məlumatlara görə, ölkədə təxminən 640 min fiziki məhdudiyyətli şəxs yaşayır və bu, ümumi əhalinin 6%-ni təşkil edir. 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a danışıb. O bildirib ki, dövlət sağlamlıq imkanı məhdud olan şəxslərin digər insanlarla bərabər imkanlara malik olması üçün daim çalışır və bunu bacarır:

"Sağlamlıq imkanı məhdud olan şəxslər də digər cəmiyyət üzvləri kimi dövlətin himayəsi və qayğısı altındadır. Konstitusiya birbaşa olaraq hər bir vətəndaşın, o cümlədən sağlamlıq imkanı məhdud olan vətəndaşların təhlükəsizliyini təmin edir. Eyni zamanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda sağlamlıq imkanı məhdud olan şəxslərin hüquqları öz əksini tapıb. Həmçinin Azərbaycan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Beynəlxalq Konvensiyaya qoşulub.
Azərbaycanda sağlamlıq imkanı məhdud olan şəxslərin sayı təxminən 640 minə yaxındır. Onların 70 minə yaxını uşaq və yeniyetmələrdir. Dövlət onların təhsil, səhiyyə, məşğulluq məsələlərini və cəmiyyətə inteqrasiya məsələləri ilə bağlı bütün qarşıda duran vəzifələrin öhdəsindən gəlir. Bunun üçün sağlamlığı məhdud olan şəxslərin reabilitasiya, abilitasiya, peşə hazırlığı məsələsi, təhsil xərclərini dövlət öz üzərinə götürür. Dövlət həmçinin təhsil alarkən inkluzivliyin təmin olunması üçün şəraitin yaradılması ilə bağlı məsələləri də həll etməyə çalışır. Eyni zamanda sağlamlıq imkanı məhdud olan şəxslərin bir qismi üçün evdə təhsil təşkil olunur".

Ü.Şəfiyev qeyd edib ki, əmək bazarında da sağlamlıq imkanı məhdud olan şəxslər üçün müxtəlif imkanlar yaradılır:

"Əmək məcəlləsində də onların hüquqları ilə bağlı ayrıca bir istiqamət var ki, hər bir müəssisə müəssisənin işçilərinin ümumi sayının 5%-dən çox olmamaq şərti ilə sağlamlıq imkanı məhdud olan insanların işlə təminatı məsələlərini həll edir.
Onların məsuliyyəti digər şəxslərdən fərqlənir. İş şəraiti ilə bağlı onlara həssaslıqla yanaşılır. Həmçinin onlar onlayn iş imkanlarından da yararlanırlar".

Sosioloq sağlamlıq imkanı məhdud olan şəxslərin inteqrasiyası prosesində əsas vasitəçinin valideynləri olduğunu qeyd edib:

"Əfsuslar olsun ki, bəzən sağlamlıq imkanı məhdud olan şəxslərə cəmiyyətin daha doğrusu öz ailələrinin, valideynlərinin münasibəti heç də ürək açan olmur. Çünki onları erkən yaşlarından təhsil, abilitasiya proqramlarına cəlb etmirlər. Onların cəmiyyətə inteqrasiyasını zəiflədirlər. Bu istiqamətdə cəmiyyətlə, valideynlərlə birlikdə işləmək lazımdır. Bəzi valideynlər dövlətin sağlamlıq imkanı məhdud olan uşaqlar üçün ayırdığı vəsaiti onların inkişafına, sağlamlığına yönləndirmir".

Üzeyir Şəfiyev sonda qeyd edib ki, biz, sosial çarxlar vasitəsilə belə valideynlərə mesajlar ötürməliyik. Belə valideynlərlə sosial-psixoloji iş aparılmalıdır. Eyni zamanda əmək bazarı ilə bağlı onlar məlumatlandırılmalıdır.

Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il