Avropada anomal istilər kənd təsərrüfatına ağır zərbə vurur: məhsul itkisi artır
Avropada davam edən anomal isti hava və quraqlıq kənd təsərrüfatında ciddi itkilərə səbəb olub: Fransada qarğıdalı sahələri məhv olur, İspaniya, İtaliya, Yunanıstan və Portuqaliyada zeytun məhsulu azalır, taxıl üzrə proqnozlar isə aşağı salınır.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Məlumata görə, iqlim dəyişiklikləri hər il Avropa İttifaqının kənd təsərrüfatına təxminən 28 milyard avroya başa gəlir. 2050-ci ilə qədər itkilərin 40 milyard avronu keçəcəyi, ekstremal ssenarilərdə isə 90 milyard avroya çata biləcəyi proqnozlaşdırılır.
2026-cı ildə quraqlıq artıq Avropa İttifaqı ölkələrinin ərazisinin 38 faizini əhatə edib. Bu göstəriciyə əkin sahələrinin 14,8 faizi və meşələrin 14,5 faizi daxildir.
Qərbi Avropada iyun və iyul ayları müşahidələr tarixində ən isti dövr olub. Orta sutkalıq temperatur 21,62 dərəcəyə çatıb ki, bu da 1991–2020-ci illərin norması ilə müqayisədə 2,79 dərəcə yüksəkdir.
Böyük Britaniyada iyul ayında gözlənilən yağıntının cəmi 7 faizi düşüb. İngiltərənin cənubunda isə bu göstərici 1 faiz təşkil edib. Nəticədə ölkə ərazisinin təxminən yarısında quraqlıq elan edilib və daha sonra Uels də bu siyahıya əlavə olunub.
Qurumuş otlaqlar və zədələnmiş yem bitkiləri Avropanın müxtəlif ölkələrində heyvandarlıq təsərrüfatlarını qış üçün nəzərdə tutulan yem ehtiyatlarından vaxtından əvvəl istifadə etməyə məcbur edir.
Fransanın Yeni Akvitaniya bölgəsində fermerlər heyvanların saxlanma şəraitini qorumaq üçün ventilyasiyanı gücləndirib, su çiləyib və yemləmə qaydasını dəyişiblər. Lakin bu tədbirlər belə donuz və ev quşları arasında tələfatın qarşısını tam ala bilməyib.
İtaliyada fermerlər birliyinin məlumatına görə, bəzi təsərrüfatlarda süd istehsalı 20 faiz azalıb. Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqı FNSEA-nın rəhbəri Arno Russo isə temperaturun 40 dərəcəni keçdiyi şəraitdə həm əkinçilik, həm də heyvandarlıqla məşğul olmağın demək olar ki, mümkünsüz olduğunu bildirib.
01:20 18.08.2026
Oxunuş sayı: 55