Qıcılolmaların səbəbləri nələrdir?- Ölüm təhlükəsi də var
İsmayıllıda azyaşlının ölümü ilə nəticələnən hadisə araşdırılır. İlkin məlumata görə, 7 yaşlı uşaq qıcolma keçirib və xəstəxanaya aparılarkən həyatını itirib. Hadisə avqustun 5-də İsmayıllı kəndində qeydə alınıb. Faktla bağlı müvafiq araşdırma aparılır.
Bu hadisə qıcılolmalarla bağlı narahatlığı yenidən gündəmə gətirir.
Qıcolma müxtəlif yaş qruplarında müşahidə oluna bilən və fərqli səbəblərlə bağlı yaranan ciddi sağlamlıq problemidir. Bu hal bəzən hər hansı xəstəliyin, infeksiyanın, kəllə-beyin travmasının və ya digər tibbi vəziyyətin əlaməti kimi ortaya çıxa bilər. Qıcolma zamanı düzgün ilkin müdaxilə və vaxtında tibbi yardım göstərilməsi mümkün ağır nəticələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən qıcolmanın səbəbləri, belə vəziyyət zamanı düzgün davranış qaydaları və profilaktik tədbirlər cəmiyyət üçün vacib maarifləndirici mövzulardan biridir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Crossmedia.az-a müsahibə verib.

- Uşaqlarda qıcolmaya ən çox hansı səbəblər gətirib çıxarır və bu hal hansı xəstəliklərin əlaməti ola bilər?
- Ümumiyyətlə, qıcolmalar müxtəlif xəstəliklər nəticəsində baş verə bilər. Bunlara arterial təzyiqin düşməsi, epilepsiya, kəllə-beyin travmaları, virus infeksiyalarının baş beyinə təsiri və digər xəstəliklər daxildir. Bəzən isə qıcolma daha ciddi bir xəstəliyin əlaməti olur.
- Valideynlər uşaq qıcolma keçirən zaman ilk dəqiqələrdə hansı addımları atmalı, hansı səhvlərdən isə mütləq çəkinməlidirlər?
- Əgər uşaqda əvvəllər qıcolma epizodu olubsa və ya hər hansı xəstəlik aşkarlanıbsa, o, mütləq həkim nəzarətində saxlanılmalıdır. Həkimin təyin etdiyi dərmanların vaxtında qəbul edilməsi də çox vacibdir. Belə halları diqqətsiz qoymaq olmaz.
- Qıcolma hər zaman həyati təhlükə yaradırmı, yoxsa vaxtında və düzgün tibbi müdaxilə ilə ağır nəticələrin qarşısını almaq mümkündür?
- Əgər bir dəfə baş verən qıcolma araşdırılmır, səbəbi müəyyən edilmir və lazımi müalicə aparılmırsa, sonradan təkrar epizodlar baş verə və bu, faciə ilə nəticələnə bilər. Buna görə də hər bir hal vaxtında araşdırılmalı və müvafiq tibbi yardım göstərilməlidir.
- Belə halların qarşısını almaq üçün valideynlər hansı profilaktik müayinələrə və əlamətlərə diqqət yetirməlidirlər?
- Bu cür hallarda uşağın anamnezi və xəstəlik tarixçəsi diqqətlə araşdırılmalıdır. Qıcolmanın ilk dəfə baş verməsi, yoxsa təkrarlanan hal olması müəyyən edilməli və səbəb-nəticə əlaqəsi tapılmalıdır. Yalnız bundan sonra düzgün müalicə və nəzarət planı qurmaq mümkündür.
- Bu kimi faciələrin azalması üçün təcili tibbi yardım sistemi və ictimai maarifləndirmə sahəsində hansı addımların atılması vacibdir?
- Hər hadisə ayrıca araşdırılmalıdır. Burada qıcolmanın səbəbi, uşağın əvvəlki sağlamlıq vəziyyəti, dərmanların vaxtında qəbul edilib-edilməməsi, həmçinin təcili tibbi yardımın fəaliyyəti və valideynlərin davranışı qiymətləndirilməlidir. Bütün bu amillər təhlil olunmadan hadisə barədə qəti fikir söyləmək düzgün olmaz.
Nigar Xəlilli
15:00 08.08.2026
Oxunuş sayı: 82