Yüz il yaşamaq istəyirsinizsə - bu cür qidalanın
Sağlam və uzun ömür hər kəsin arzusudur. Mütəxəssislər bildirirlər ki, uzunömürlülüyün əsas sirri yalnız genetika ilə bağlı deyil, həyat tərzi və qidalanma da bu prosesdə həlledici rol oynayır. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, düzgün qidalanma bir çox xroniki xəstəliklərin qarşısını almağa, həyat keyfiyyətini yüksəltməyə və ömür uzunluğunu artırmağa kömək edir. Gündəlik rasiona daxil edilən bəzi qidalar ürək-damar sistemi, beyin fəaliyyəti və immunitet üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, zərərli qidalanma vərdişləri insan sağlamlığına ciddi ziyan vuraraq vaxtından əvvəl qocalmaya səbəb ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib:
"Elmi araşdırmalar göstərir ki, uzunömürlülüyə təsir edən əsas amillərdən biri sağlam və balanslaşdırılmış qidalanmadır. Təkcə bir qida insan ömrünü uzatmır, əsas məsələ qidalanma vərdişlərinin uzunmüddətli olaraq sağlam şəkildə formalaşdırılmasıdır. Araşdırmalara görə, tərəvəz və meyvələrin, xüsusilə tünd yaşıl yarpaqlı tərəvəzlərin, giləmeyvələrin, tam taxılların, paxlalı bitkilərin, qoz-fındıq və digər çərəzlərin, həmçinin omeqa-3 yağ turşuları ilə zəngin balıqların müntəzəm istehlakı ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinin riskini azaltmağa kömək edir. Bu isə həm həyat keyfiyyətinin, həm də ömür uzunluğunun artmasına müsbət təsir göstərir.

Ekspert qeyd edib ki? gündəlik qidalanmada zeytun yağı kimi sağlam yağlara üstünlük vermək, kifayət qədər lif qəbul etmək, süd və süd məhsullarını normada istehlak etmək, kifayət qədər su içmək də sağlam həyatın vacib hissəsidir: "Eyni zamanda qırmızı ətin normada, emal olunmuş ət məhsullarının isə mümkün qədər az istehlakı tövsiyə edilir. Uzunömürlülük üçün yalnız faydalı qidaları artırmaq kifayət deyil. Şəkərli içkilərin, trans yağların, həddindən artıq duzlu, yağlı və ultra emal olunmuş qidaların tez-tez istehlakı müxtəlif xroniki xəstəliklərin yaranma riskini artırır və sağlam qocalmaya mənfi təsir göstərə bilər. Nəticə olaraq, uzun və sağlam ömür üçün ən doğru yanaşma müxtəlif və balanslı qidalanmaq, porsiya nəzarətinə riayət etmək, normal bədən çəkisini qorumaq, müntəzəm fiziki aktiv olmaq, kifayət qədər yatmaq və zərərli vərdişlərdən uzaq durmaqdır. Məhz bu həyat tərzi birlikdə insanın daha sağlam və uzunömürlü olmasına ən böyük töhfəni verir.
Zeynəb Həsən
13:30 07.08.2026
Oxunuş sayı: 60