Süni intellekt bəşəriyyəti məhv edəcəkmi?
Nvidia şirkətinin baş direktoru Jensen Huang süni intellektin 2030-cu ilə qədər bəşəriyyət üçün varoluş təhlükəsinə çevriləcəyi ilə bağlı ssenariləri rədd edib.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Huang CBS News-a açıqlamasında süni intellektin yaxın illərdə nəzarətdən çıxaraq insanlıq üçün ölümcül təhlükə yaradacağı ilə bağlı proqnozlara münasibət bildirib. O, 2030-cu ilin dünyanın sonu olmayacağını və belə bir ssenarinin baş vermə ehtimalını “sıfır faiz” kimi qiymətləndirib.
Nvidia rəhbəri bu cür proqnozların elmi əsaslarının olmadığını və cəmiyyətdə qorxu yaradan yanaşmaların süni intellektlə bağlı müzakirələri yanlış istiqamətə apardığını deyib.
Bununla yanaşı, texnologiya sektorunda süni intellektin təhlükəsizliyi ilə bağlı fərqli mövqelər mövcuddur. Bəzi şirkət rəhbərləri qabaqcıl modellərin nəzarətdən çıxması riskinə qarşı daha güclü təhlükəsizlik tədbirləri və müstəqil testlərin aparılmasını müdafiə edirlər.
Huang isə süni intellektin inkişaf tempinin azaldılmasının əleyhinə çıxış edib. O, ABŞ-nin xüsusilə Çinlə texnoloji rəqabətdə mümkün qədər sürətli irəliləməsinin vacib olduğunu bildirib və sürətli inkişafın təhlükəsizliyi nəzərə almamaq anlamına gəlməməli olduğunu vurğulayıb.
Nvidia rəhbərinin fikrincə, yeni və sərt qaydalar tətbiq etməkdənsə, mövcud qanunların icrasına və şirkətlərin hazırladıqları süni intellekt sistemlərinə görə məsuliyyət daşımasına diqqət yetirilməlidir.
05:25 25.09.2026
Oxunuş sayı: 51