Dərinizdə ləkə əmələ gəlibsə ciddi bir xəstəliyə yoluxmusunuz - Həkimə müraciət edin
Tarix boyu ən qorxulu xəstəliklərdən biri kimi tanınan cüzamla bağlı cəmiyyətdə hələ də çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Xəstəliyin yoluxucu olması, ağır fəsadlara səbəb ola bilməsi və əlamətlərinin uzun müddət sonra ortaya çıxması cüzamın vaxtında aşkarlanmasını xüsusilə vacib edir. Mütəxəssislər bildirirlər ki, müasir tibbin imkanları sayəsində cüzam artıq sağalmaz xəstəlik hesab edilmir, lakin gecikmiş diaqnoz bəzi qalıcı fəsadlara səbəb ola bilər.
Mövzu ilə bağlı infeksionist Aytən Ziyadova Crossmedia.az-a açıqlamasında bildirib ki, cüzam xəstəliyinin törədicisi Mycobacterium leprae adlı bakteriyadır:
“Bu xəstəlik əsasən uzunmüddətli və yaxın təmas zamanı, yoluxmuş insanın nəfəs yollarından öskürək və asqırıq vasitəsilə yayıla bilər. Lakin sadə əl sıxma, yanaşı oturmaq və gündəlik qısa təmaslarla yoluxma ehtimalı çox aşağıdır.
Maraqlı məqamlardan biri də odur ki, Floridada yaşayan doqquz zolaqlı armadillolar bu bakteriyanı daşıya bilər və bəzi hallarda mümkün yoluxma mənbəyi kimi araşdırılır.
Cüzam xəstəliyinin təhlükəli tərəfi odur ki, əlamətləri çox yavaş inkişaf edir. Bəzən xəstəlik özünü illər, hətta onilliklər sonra göstərə bilər.
Ən əsas əlamətlər dəridə yaranan solğun və ya qırmızımtıl ləkələr, həmin nahiyələrdə istilik, ağrı və toxunma hissinin itməsi, sinir zədələnməsi, əzələ zəifliyi və uzun müddət sağalmayan yaralardır.
Vaxtında diaqnoz və müalicə olunmadıqda cüzam ciddi fəsadlara səbəb ola bilər. Sinir zədələnməsi nəticəsində əzələlərdə deformasiya və daimi hissiyat itkisi yarana bilər.
Amma bu gün cüzam artıq qorxulu və sağalmaz xəstəlik deyil. Müasir tibbdə bu xəstəlik tam müalicə olunur. Xüsusi çoxdərmanlı antibiotik müalicəsi bakteriyanı aradan qaldırır və xəstənin sağalmasına imkan verir.
Əsas məsələ xəstəliyi erkən mərhələdə aşkar etməkdir. Çünki vaxtında müalicə başladıqda nəticələr çox yaxşı olur. Lakin gec aşkarlanan hallarda bakteriya məhv edilsə belə, yaranmış sinir zədələnmələri bəzən qalıcı ola bilər”.
Zeynəb Həsən
18:45 03.09.2026
Oxunuş sayı: 48