ABŞ-də respublikaçılar Trampdan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edirlər
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edən respublikaçıların sayı artır. Onlar tələbləri yerinə yetirilmədiyi təqdirdə Pentaqona əlavə maliyyə ayrılmasının qarşısını almaqla hədələyirlər.
Crossmedia.az xəbər verir ki, “The Hill” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev Pentaqonun yeni hərbi xərcləri üçün ən azı 350 milyard dollar vəsait ayrılmasına razılıq almağa çalışır. Ukraynanı dəstəkləyən bir sıra respublikaçılar isə ABŞ prezidenti Donald Trampın son xarici siyasət addımlarından narazıdırlar.
Narazılığın əsas səbəblərindən biri Trampın Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasıdır.
Məlumata görə, oktyabrın 9-da Putinlə telefon danışığı aparan Tramp Rusiyanın yaxın vaxtlarda ABŞ-yə 300 min tondan çox, noyabrda isə beynəlxalq bazarlara 500 min ton yanacaq tədarük edəcəyini bildirib. Sonrakı mərhələdə daha 1 milyon ton xammalın ixracı nəzərdə tutulur.
Bununla yanaşı, bir qrup ABŞ konqresmeni bu həftə Rusiya ilə dizel yanacağı razılaşmasının qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib. Sənəddə Rusiyanın enerji sektoruna investisiyaların qadağan edilməsi, ABŞ Maliyyə Nazirliyinin verdiyi ümumi lisenziyaların ləğvi və yeni icazələrin verilməsinin qadağan olunması təklif edilir.
Qeyd edək ki, Tramp daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini dünya dizel bazarına ciddi zərər vurmaqda ittiham edib.
03:44 20.10.2026
Oxunuş sayı: 64