Kimlər pensiya əlavəsi alacaq? - iqtisadçı açıqladı
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Yeni dəyişikliklər pensiya təminatının hesablanması mexanizmini və müəyyən kateqoriyalara aid şəxslərə əlavə ödənişlərin verilməsi qaydasını əhatə edir. Təklif olunan yeniliklərə əsasən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər xüsusi kateqoriyalara aid şəxslərin pensiya təminatında fərdi pensiya kapitalı ilə yanaşı, aylıq sabit əlavələrin tətbiqi nəzərdə tutulur. Bu yanaşma pensiyanın fərdi hesabda toplanan sığorta kapitalı əsasında hesablanmasını, əlavə təminatın isə ayrıca mexanizm vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Dəyişikliklərin digər mühüm istiqaməti pensiyaların təyin olunması prosesinin sadələşdirilməsi ilə bağlıdır. Belə ki, pensiyaların və müvafiq əlavələrin vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin edilməsi planlaşdırılır. Qanunvericiliyə edilən dəyişikliklər Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Yeni mexanizmin tətbiqi isə pensiya təminatının hesablanması qaydaları, əlavə ödənişlərin məbləği və bu dəyişikliklərin müxtəlif kateqoriyalara aid şəxslərə təsiri ilə bağlı bir sıra məsələləri gündəmə gətirir.
Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a açıqlamasında bildirib ki, təklif olunan dəyişikliklər əməkhaqqı ilə pensiya arasındakı birbaşa əlaqənin aradan qaldırılmasını və əlavə təminatın ayrıca mexanizm əsasında həyata keçirilməsini nəzərdə tutur:

“Yeni yanaşmaya əsasən, əmək pensiyası şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı əsasında hesablanacaq, xüsusi kateqoriyalara aid şəxslər üçün nəzərdə tutulan əlavə təminat isə ayrıca aylıq pensiya əlavəsi formasında həyata keçiriləcək.
Layihə sabiq deputatları, Hesablama Palatasının sabiq üzvlərini, sabiq Ombudsmanı, sabiq Mərkəzi Seçki Komissiyasının üzvlərini, sabiq dövlət qulluqçularını və diplomatik xidmət əməkdaşlarını əhatə edir. Təklif olunan dəyişikliklər əsasən gələcəkdə pensiya təyin edilərkən tətbiq olunacaq hesablama mexanizminə aiddir. Artıq təyin edilmiş pensiyaların avtomatik azaldılması nəzərdə tutulmur”.
R.Sabir qeyd edib ki, yeni sistemdə pensiya təminatının iki komponentdən formalaşması planlaşdırılır:
“Bunlardan birincisi fərdi pensiya kapitalı əsasında hesablanan əmək pensiyası, ikincisi isə qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara ödəniləcək aylıq pensiya əlavəsidir. Əlavənin konkret məbləğinin ayrıca səlahiyyətli qurum tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu baxımdan, “hamının pensiyası artacaq” və ya “hamının pensiyası azalacaq” demək düzgün olmaz. Konkret şəxsin pensiyasının yeni mexanizm üzrə hansı məbləğdə olacağını müəyyən etmək üçün həmin şəxsin pensiya kapitalı, sığorta və qulluq stajı, vəzifə tarixçəsi, habelə aylıq pensiya əlavəsinin konkret məbləği nəzərə alınmalıdır. Hazırkı layihə mətnində bu kateqoriyaların hamısı üçün vahid məbləğ müəyyən edilməyib. O, layihədə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı fərqli tarixlərin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Belə ki, bəzi müddəaların 2026-cı il oktyabrın 1-dən, digər əsas müddəaların isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur”. — deyə iqtisadçı bildirib.
Professorun sözlərinə görə, söhbət pensiyanın sadəcə artırılması və ya azaldılmasından deyil, onun hesablanması və əlavə təminat mexanizminin dəyişdirilməsindən gedir: “Əsas yenilik gələcək pensiya təyinatlarında əməkhaqqı ilə pensiya arasındakı birbaşa əlaqənin aradan qaldırılması və fərdi pensiya kapitalı əsasında hesablanan əmək pensiyası ilə ayrıca aylıq pensiya əlavəsi modelinə keçiddir. Azərbaycanda pensiya təminatı 2006-cı ildən fərdi uçot və sosial sığorta prinsipləri əsasında həyata keçirilir. Bu baxımdan, pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsiplərinə uyğunlaşdırılması və daha da təkmilləşdirilməsi vacibdir”.
Nuray Mehtiyeva
19:30 19.10.2026
Oxunuş sayı: 55