Fransada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edilə bilər
Fransada kütləvi iğtişaşların davam etməsi fonunda fövqəladə vəziyyət elan olunması ehtimalı nəzərdən keçirilir. Baş nazir Sebastyan Lekornyu hazırkı şəraitdə komendant saatının tətbiqini daha məqsədəuyğun hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, Sebastyan Lekornyu fövqəladə vəziyyət elan edilməsinin ciddi məsələ olduğunu, zərurət yaranarsa, bu addımın atıla biləcəyini deyib.
Baş nazir böhran qərargahının iclasından sonra departament rəhbərlərinə ölkənin bəzi ərazilərində komendant saatı tətbiq etməyi tapşırıb. Bu tədbirin bir sıra şəhərlərin mərkəzlərində, xüsusilə biznes obyektlərinin qorunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron hökumətdən etirazların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. O, iğtişaşlarda təqsirli bilinən şəxslərin cəzalandırılacağını və zərər çəkmiş biznes subyektlərinə dəstək göstəriləcəyini vəd edib.
Makronun çıxışı siyasi rəqibləri tərəfindən tənqid olunub. Onlar ölkədəki sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.
Qeyd edək ki, Fransadakı etirazlar fonunda Almaniyada da ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarana biləcəyi barədə fikirlər səsləndirilib.
19:49 19.10.2026
Oxunuş sayı: 52