Valideynlərin diqqətinə - Uşaqlarda psixi pozuntular bu səbəbdən artır
Böyük Britaniyada psixi sağlamlıq problemləri ilə bağlı yardım üçün müraciət edən uşaqların sayının 36 faiz artması uşaqlar və yeniyetmələr arasında emosional və psixoloji çətinliklərin miqyasını bir daha gündəmə gətirib. Mütəxəssislər bu artımı uşaqların gündəlik həyatında artan akademik təzyiq, sosial mühitin təsiri, ailədaxili problemlər və rəqəmsal platformalardan intensiv istifadə kimi müxtəlif amillərlə əlaqələndirirlər. Uşaqların psixoloji dəstəyə daha çox ehtiyac duyması isə problemin yalnız fərdi deyil, həm də ailə, məktəb və cəmiyyət səviyyəsində diqqətdə saxlanılmasını zəruri edir.
İngla Kids and Preschool direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, uşaqlar və yeniyetmələr arasında psixi sağlamlıqla bağlı müraciətlərin artmasına təsir edən amillərdən biri onların yaşadığı mühitin əvvəlki nəsillərlə müqayisədə daha sürətli və tələbkar olmasıdır:
“Uşaqlar və yeniyetmələr arasında psixi sağlamlıqla bağlı müraciətlərin artmasının səbəblərindən biri onların yaşadığı dünyanın əvvəlki nəsillərlə müqayisədə daha sürətli və daha tələbkar olmasıdır. Uşağın dincəlməsi, sərbəst oyun oynaması və sadəcə özünə vaxt ayırması üçün imkanlar getdikcə azalır. Məktəb, əlavə dərslər, kurslar, müxtəlif fəaliyyətlər və bütün bunların fonunda sosial mühitdə özünə yer tapmaq ehtiyacı uşaq üzərində görünməyən bir yük yarada bilər. Biz bəzən uşağın gününün tam dolu olmasını onun inkişafı kimi qiymətləndiririk. Halbuki, sıx proqram hər zaman sağlam inkişaf anlamına gəlmir. Digər mühüm məsələ uşaqlarda çətinliklərin öhdəsindən gəlmək bacarıqlarının formalaşdırılmasıdır. Uşağı bütün çətinliklərdən qorumağa çalışmaq da, əksinə, onun üzərinə yaşından artıq məsuliyyət qoymaq da düzgün yanaşma deyil. Uşaq məyusluqla qarşılaşmağı, uğursuzluğu qəbul etməyi, problemini ifadə etməyi və ehtiyac duyduğu zaman kömək istəməyi tədricən öyrənməlidir. Ailədə bu bacarıqların formalaşmasına kifayət qədər şərait yaradılmadıqda, gündəlik həyatda qarşılaşılan kiçik çətinliklər belə zamanla uşaq üçün idarə edilməsi daha mürəkkəb emosional vəziyyətə çevrilə bilər”.
Psixoloqun sözlərinə görə, uşaqların psixi sağlamlığına təsir edən amillər arasında sosial şəbəkələrin yaratdığı yeni sosial mühit və təhsil prosesində uşağın emosional vəziyyətinin nəzərə alınmaması da xüsusi yer tutur:
“Sosial şəbəkələr də artıq yalnız uşaqların vaxt keçirdiyi platforma deyil, onların sosial münasibətlərinin və özlərini qiymətləndirmə prosesinin bir hissəsinə çevrilib. Əvvəllər məktəbdə baş verən bir konflikt çox vaxt məktəb mühitində qalırdısa, bu gün həmin konflikt mesajlar, qruplar və sosial şəbəkələr vasitəsilə uşağı evdə də izləyə bilir. Bu isə uşağın özünü təhlükəsiz hiss etdiyi məkanın daralmasına və emosional gərginliyin daha uzun müddət davam etməsinə səbəb ola bilər. Təhsil sistemində də diqqət yalnız uşağın nəticəsinə deyil, həmin nəticəyə gedən prosesdə özünü necə hiss etdiyinə yönəlməlidir. Qiymətlər, imtahanlar və akademik uğur, şübhəsiz ki, əhəmiyyətlidir. Lakin bunlar uşağın emosional rifahı hesabına əldə edilməməlidir”.
A.Həsənzadə qeyd edib ki, uşaqlar və yeniyetmələr arasında psixi sağlamlıqla bağlı müraciətlərin artması avtomatik olaraq psixoloji problemlərin də eyni nisbətdə çoxalması anlamına gəlmir. Onun fikrincə, cəmiyyətin bu mövzuda məlumatlılığının artması da müraciətlərin sayına təsir edən amillərdəndir:
“Eyni zamanda, uşaqlar və yeniyetmələr arasında psixi sağlamlıqla bağlı müraciətlərin artmasını yalnız psixoloji problemlərin çoxalması kimi qiymətləndirmək düzgün olmazdı. Bu artımın səbəblərindən biri də valideynlərin və ümumilikdə cəmiyyətin psixi sağlamlıqla bağlı məlumatlılığının yüksəlməsi ola bilər. Əvvəllər “keçib gedər” kimi qiymətləndirilən bir sıra problemlərlə bağlı bu gün valideynlər daha tez mütəxəssisə müraciət edirlər. Bu baxımdan, statistik göstəricilərdə narahatedici məqamlarla yanaşı, psixi sağlamlığa münasibətin dəyişməsi və peşəkar dəstəyə müraciətin daha çox qəbul olunması kimi müsbət tendensiyanı da nəzərə almaq lazımdır”.
Nigar Xəlilli
13:30 04.09.2026
Oxunuş sayı: 51