Polşalı hərbçiyə Belarus sərhədindəki insidentə görə bəraət verilib
Polşanın Varşava hərbi qarnizon məhkəməsi Belarus sərhədində suriyalı miqrantı təsadüfən yaralayan hərbçiyə bəraət verib.
Crossmedia.az xəbər verir ki, Polşa Mətbuat Agentliyi (PAP) bu barədə ölkənin Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamışın açıqlamasına istinadən məlumat yayıb.
Hadisə 2023-cü il noyabrın 3-də baş verib. Sərhəd mühafizəsinə dəstək verən kiçik zabit Polşa və ingilis dillərində qaçan Suriya vətəndaşından dayanmasını tələb edib, xəbərdarlıq atəşi açıb və onun arxasınca qaçmağa başlayıb. Qaçış zamanı zabit büdrəyərək yıxılıb və silahın təsadüfən açılması nəticəsində güllə miqrantın kürəyinə dəyib.
Hərbçi dərhal yaralıya ilkin tibbi yardım göstərib. Yaralanma onun həyatı üçün təhlükə yaratmayıb. Hərbi jandarm saxlanılma üçün əsas tapmayıb. Lakin yaralı suriyalının səlahiyyət verdiyi hüquqşünasın müraciətindən sonra iş məhkəməyə göndərilib.
2025-ci ilin mayında zabitə silahla ehtiyatsız davranma ittihamı irəli sürülüb. Bu ittiham üzrə onu üç ilədək həbs cəzası gözləyə bilərdi.
Prokurorluq zərərçəkənə kompensasiya ödənilməsi şərti ilə işə xitam verilməsini istəyib, müdafiə tərəfi isə zabitin bəraət almasını tələb edib. Məhkəmə hərbçinin xidməti vəzifələrini yerinə yetirərkən hər hansı nöqsana yol vermədiyi qənaətinə gəlib.
Kosinyak-Kamış sosial şəbəkə hesabında bildirib ki, vəzifəsini yerinə yetirən əsgər çətin vəziyyətdə belə tək qalmamalıdır. O, zabitə işin əvvəlindən hüquqi yardım göstərildiyini və hərbçilərin hüquqlarının müdafiəsi üzrə hərbi qrupun ona dəstək verdiyini vurğulayıb. Nazir Polşanın heç bir hərbi qulluqçusunun köməksiz qalmayacağını da qeyd edib.
20:58 21.10.2026
Oxunuş sayı: 44