Dünyada aclıq başlayır - hansı dövlətlərdə qıtlıq olacaq?
Hörmüz boğazında gəmiçiliyin pozulması qlobal ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaradır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xəbərdarlığına görə, böhranın uzanması 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə məhsuldarlığın azalmasına, ərzaq təchizatının zəifləməsinə səbəb ola bilər. Enerji daşıyıcılarının və gübrələrin bahalaşması kənd təsərrüfatında istehsal xərclərini artırmaqla yanaşı, ərzaq qiymətlərinə də təsir göstərə bilər. Bu vəziyyət xüsusilə idxaldan asılı ölkələrdə ərzağın əlçatanlığı ilə bağlı narahatlıqları artırır.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında gəmiçiliyin uzun müddət məhdudlaşdırılması qlobal ərzaq böhranı riskini artıra bilər:
“Çünki bu marşrut yalnız neft və mayeləşdirilmiş təbii qazın daşınması üçün deyil, kənd təsərrüfatında istifadə olunan gübrələrin və onların istehsalı üçün vacib xammalın beynəlxalq tədarükündə də mühüm əhəmiyyət daşıyır. Boğazda hərəkətin uzun müddət pozulması enerji daşıyıcılarının qiymətini yüksəldə, gübrə istehsalını və daşınmasını bahalaşdıra, nəticədə kənd təsərrüfatının maya dəyərini artıra bilər. Burada əsas təhlükə təkcə ərzağın daşınmasında yaranan çətinliklər deyil, həm də ərzaq istehsalının özünün bahalaşmasıdır. Fermerlər gübrə, yanacaq, elektrik enerjisi və nəqliyyat üçün daha çox xərc çəkməli olsalar, bu, əkin sahələrinin azalmasına, gübrədən istifadənin məhdudlaşdırılmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Belə bir vəziyyət xüsusilə növbəti əkin və məhsul yığımı dövrlərində daha ciddi hiss edilə bilər. Təklif azaldıqca ərzaq qiymətləri də yüksələ bilər”.

A.Nəsirli qeyd edib ki, Hörmüz boğazının uzun müddət bağlı qalması bütün dünyada mütləq ərzaq çatışmazlığı yaranacağı demək deyil:
“Böhranın miqyası onun nə qədər davam etməsindən, alternativ tədarük marşrutlarının istifadəsindən, ölkələrin gübrə ehtiyatlarından və digər istehsalçıların bazara nə qədər əlavə məhsul çıxara bilməsindən asılı olacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da xəbərdarlıq edib ki, böhran uzanarsa, 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə məhsuldarlığın azalması və ərzaq təchizatının zəifləməsi riski arta bilər. Ən böyük təhlükə idxaldan asılı, maliyyə imkanları məhdud ölkələr üçün yaranır. Belə dövlətlər bahalaşan ərzağı və gübrəni almaq üçün daha çox vəsait xərcləməli olur, əhalinin aşağı gəlirli təbəqələri isə qiymət artımını daha ağır hiss edir. Hətta dünya bazarında kifayət qədər ərzaq olsa belə, onun qiyməti əhalinin alıcılıq imkanlarını üstələdikdə ərzaq əlçatanlığı problemi yarana bilər”.
İqtisadçı Azərbaycanın da bu riskləri nəzərə almasının vacibliyini vurğulayıb:
“Gübrə, yanacaq və bəzi ərzaq məhsulları üzrə idxal xərclərinin artması yerli istehsalın maya dəyərinə və pərakəndə qiymətlərə təsir göstərə bilər. Buna görə strateji ərzaq ehtiyatlarının qorunması, gübrə tədarükünün müxtəlif ölkələr üzrə şaxələndirilməsi, yerli kənd təsərrüfatı istehsalının dəstəklənməsi və bazardakı qiymət dəyişikliklərinin izlənməsi əhəmiyyətlidir. Nəticə etibarilə, Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlər qlobal ərzaq böhranına çevrilə bilər, lakin bunun qaçılmaz olduğunu demək düzgün deyil. Əsas risk ərzağın birdən-birə tükənməsindən daha çox, istehsal xərclərinin yüksəlməsi, məhsuldarlığın azalması və ərzağın aztəminatlı əhali üçün əlçatmaz hala gəlməsidir. Böhranın qarşısının alınmasında nəqliyyat marşrutlarının bərpası, gübrə tədarükünün davamlılığı və ölkələrin vaxtında tədbir görməsi həlledici olacaq”.
Nuray Mehtiyeva
20:00 21.10.2026
Oxunuş sayı: 55