Tramp jurnalistə sərt reaksiya verdi- Ehtiyatlı ol!
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərdən biri ilə sərt mübahisə edib və ona xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “The Independent” nəşri bu barədə məlumat yayıb.
Oktyabrın 20-də baş verən hadisə zamanı nəşrin Ağ Ev üzrə müxbiri Endryu Faynberq hökumətin yeni fırıldaqçılıqla mübarizə proqramı ilə bağlı sual ünvanlayıb.
Jurnalist mövcud qanunvericilikdə qanun pozuntuları barədə məlumat verən şəxslər üçün daha yüksək mükafatların nəzərdə tutulduğunu xatırladaraq yeni proqramın şərtlərini sorğulayıb.
Sual Trampın sərt reaksiyasına səbəb olub. ABŞ Prezidenti jurnalistə müraciətlə “Sənin kim olduğunu bilmirəm, amma yaxşı olar ki, ehtiyatlı olasan”, – deyə bildirib.
Daha sonra Tramp müxbirdən susmasını tələb edib və onun ünvanına təhqiramiz ifadələr işlədib.
Faynberq isə sosial şəbəkədə paylaşım edərək hadisədən cəmi beş dəqiqə əvvəl özünü Prezidentə təqdim etdiyini bildirib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və Trampın jurnalistlərlə davranışı ətrafında müzakirələrə səbəb olub.
18:06 21.10.2026
Oxunuş sayı: 52