AQEM-in 7-ci Zirvə Görüşündən gözləntilər
Artıq, bir neçə ildir ki, Azərbaycan çoxsaylı nüfuzlu tədbirlərə ev sahibliyi edir və Bakı şəhəri istənilən beynəlxalq tədbirlərin ən yaxşı təşkil edildiyi məkanlardan biri kimi qəbul edilir. Demək olar ki, hər həftə bir neçə beynəlxalq tədbir keçirilir, ölkəmiz, onun keçdiyi inkişaf yolu təqdim olunur, potensial əməkdaşlıq imkanları müzakirə edilir.
Növbəti belə bir tədbir – bu gün keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Asiya məkanında regional təhlükəsizliyin möh-kəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Asiya qitəsinin dünya iqtisadiyyatında, beynəlxalq ticarətdə, enerji təhlükəsizliyində və geosiyasi münasibətlər sistemində artan rolu bu platformanın əhəmiyyətini daha da yüksəldir. Əslində, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zaman səsləndirdiyi “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikirləri də ölkəmizin Asiya ilə əməkdaşlığa xüsusi önəm verdiyinin nümunəsi kimi dəyərləndirilə bilər.
AQEM müxtəlif siyasi sistemlərə, iqtisadi inkişaf səviyyələrinə və geosiyasi maraqlara malik dövlətləri ortaq dialoq müstəvisində birləşdirir. Bu baxımdan, Zirvə Görüşü, yalnız siyasi məsləhətləşmələr platforması deyil, həm də regional problemlərin dinc yolla həlli, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması baxımından da mühüm vasitədir.
Azərbaycanın ev sahibliyi etməsinin siyasi və diplomatik əhəmiyyəti
2026-cı il oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycan üçün beynəlxalq diplomatik mövqelərin möhkəmləndirilməsi və Asiya dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından əlamətdar hadisədir. Sammit Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində həyata keçirdiyi fəaliyyətin mühüm yekun mərhələsidir. Azərbaycanın sədrliyinin əsas istiqaməti “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” kimi müəyyənləşdirilib. Bu yanaşma təhlükəsizlik məsələlərini iqtisadi inteqrasiya, müasir texnologiyalar və dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirir ki, Azərbaycan bu istiqamətdə davamlı şəkildə həm ölkə daxilində müvafiq tədbirlərin reallaşdırılması, həm də xaricdə yeni əməkdaşlıqların formalaşdırılması, iki və çox tərəfli münasibətlərin təkmilləşdiril-məsi, şaxələndirilməsi istiqamətində addımlar atır. Dünyanın sülhpərvər, daim beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bir dövləti kimi Azərbaycan olduğu yerə əməkdaşlıq, sülh daşıyan bir ölkədir, ölkələrlə münasibətləri rəqabət deyil əməkdaşlıq müstəvisinə daşıyan bir ölkədir. Bu mənada, AQEM-ə sədrlik müddətində də Asiyada əməkdaşlığın inkişafı, siyasi-iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində töhfə verdiyi danılmazdır. Zirvə görüşlərinin dinamikasını, müasir milli və qlobal çağırışları, eləcə də “Daha güclü AQEM – Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” istiqamətini nəzərə alaraq 7-ci Zirvə Görüşünün əhəmiyyətini daha yaxşı təsəvvür etmək olar.
Aydındır ki, AQEM-ə üzv dövlətlər arasında siyasi dialoqun inkişafı, qarşılıqlı etimadın artırılması, münaqişələrin qarşısının alınması və fikir ayrılıqlarının dinc vasitələrlə həlli üçün imkanlar yaradılması regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca vacibdir. Şübhəsiz ki, müxtəlif geosiyasi maraqlara malik ölkələrin eyni platformada təmsil olunması bu dialoqun əhəmiyyətini daha da artırır. Onu da qeyd edək ki, Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, tranzit imkanlarının artırılması və təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün yeni əməkdaşlıq imkanları yarada bilər ki, bu baxımdan Azərbaycanın tranzit və logistika qovşağı kimi mövqeyi xüsusi əhəmiyyət daşıyır. O cümlədən, elektron ticarət, rəqəmsal gömrük sistemləri, süni intellekt, məlumat mübadiləsi və ağıllı logistika həlləri üzrə əməkdaşlıq da regional iqtisadiyyatların səmərəliliyini yüksəldən əsas amillər kimi Zirvə Görüşünün diqqət mərkəzində olacaqdır. Azərbaycanın sədrliyi dövründə rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyənləşdirilməsi bunu deməyə əsas verir. O cümlədən, dayanıqlı iqtisadi inkişaf və yaşıl keçid istiqamətinin aktuallığı da diqqəti cəlb edir. Enerji səmərəliliyi, bərpaolunan enerji, ekoloji təhlükəsizlik və yaşıl nəqliyyat sahələrində birgə təşəbbüslər də iqtisadi inkişafla ekoloji tarazlığın uzlaşdırılmasına xidmət etməklə, həm də üzv ölkələrin tərəqqisi üçün xüsusi önəm kəsb edir. Bütün bunlar, həm də Orta Dəhlizin çevikliyinin yüksəldilməsi, cəlbediciliyinin artırılması, Asiya məhsullarının daha sürətli və asan şəkildə qərb bazarlarına çıxışına imkan yarada bilər ki, nəticədə iqtisadi inteqrasiya intensivləşər, qarşılıqlı münasibətlər daha da möhkəmlənər.
Azərbaycanın milli maraqları baxımından Zirvə Görüşünün əhəmiyyəti
AQEM-in 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakını və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirir. Avropanın enerji təminatı və təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəmiz, həm də Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşağı kim diqqəti cəlb edir. Bu mənada tədbirin ölkəmiz üçün əhəmiyyətini bir neçə istiqamətdə ümumiləşdirmək olar:
Azərbaycanla Asiya dövlətləri arasında siyasi dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi;
ticarət, investisiya, sənaye və xidmət sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi.
Orta Dəhlizin və digər beynəlxalq nəqliyyat marşrutlarının inkişafı üçün tərəfdaşlıqların təşviqi. Azərbaycanın AQEM çərçivəsində irəli sürdüyü bağlantılar və rəqəmsallaşma gündəliyi Orta Dəhlizin inkişafı ilə uzlaşdırıla bilər. Bu, Asiya ölkələri arasında iqtisadi əlaqələrin dərinləş-dirilməsi və Avropa bazarlarına çıxış imkanlarının artırılması baxımından əhəmiyyətli hesab edilir.
alternativ və ənənəvi enerji mənbələrindən səmərəli istifadə, ekoloji təhlükəsizlik istiqamətində birgə addımların atılması;
rəqəmsal iqtisadiyyat, süni intellekt və innovativ logistika sistemləri üzrə təcrübə mübadiləsi.
təhsil, elm, mədəniyyət və xalqlar arasında əlaqələrin inkişafı.
Nəhayət, qeyd edilən istiqamətlər üzrə konkret nəticələrin əldə edilməsi, təbii ki, sammitdə razılaş-dırılan qərarların həyata keçirilməsindən, maliyyələşdirmə mexanizmlərindən və üzv dövlətlərin davamlı əməkdaşlığından asılıdır. Ümumilikdə isə, AQEM-in 7-ci Zirvə Görüşünün əhəmiyyəti Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə məhdudlaşmır. Bu tədbir həm də regional iqtisadi inteqrasiyanın genişləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və çoxtərəfli əməkdaşlıq institutlarının təkmilləşdirilməsi baxımından mühüm imkan yaradır. Azərbaycan üçün sammitin əsas strateji dəyəri ölkəmizin diplomatik təşəbbüskarlığını, Asiya ilə Avropa arasında nəqliyyat-logistika körpüsü rolunu və regional əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını gücləndirməkdir. Şübhəsiz ki, əsas məsələ müzakirə və qəbul edilən qərarların konkret layihələrə, yeni ticari-iqtisadi əlaqələrə və real qarşılıqlı əməkdaşlığa çevrilməsidir. Bu baxımdan, Bakıda keçirilən 7-ci Zirvə Görüşünün uzunmüddətli uğuru onun regional etimadın möhkəmləndirilməsinə və dövlətlər arasında praktiki əməkdaşlığın genişlənməsinə nə dərəcədə töhfə verəcəyindən asılı olacaq.
09:54 15.10.2026
Oxunuş sayı: 115