Uşaqların diqqət dağınıqlığı bəlkə də ciddi xəstəlikdir - həkim açıqladı
Məktəb və ev mühitində uşaqların diqqətini cəmləyə bilməməsi, hədsiz hərəkətliliyi və ya təlimatlara əməl etməkdə çətinlik çəkməsi çox vaxt tərbiyə xətası və ya tənbəllik kimi qiymətləndirilir. Lakin bu davranışların arxasında uşağın iradəsindən kənar inkişaf edən neyroinkişaf xüsusiyyətləri — Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DEHB) dayana bilər. Valideynlərin çoxu bu xəstəliyin varlığından məlumatsız olsa da narazı olduqları bir çox məsələnin arxasında ciddi xəstəliklər dayana bilər.
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova Crossmedia.az-a açıqlama verib.
Mütəxəssis bildirib ki, DEHB sadəcə diqqətsizlik deyil, mürəkkəb bir neyroinkişaf prosesidir:
"Valideynlər və müəllimlər bəzən uşağın diqqətini cəmləyə bilməməsini, yerində sakit oturmamasını, tapşırıqları yarımçıq qoymasını və düşünmədən hərəkət etməsini dəcəllik, tənbəllik və ya tərbiyəsizlik kimi qiymətləndirirlər. Halbuki bu davranışlar DEHB-nin əlamətləri ola bilər. DEHB sadəcə “diqqətsizlik” demək deyil. Bu, uşağın diqqətini idarə etməsinə, hərəkətlərini və impulslarını nəzarətdə saxlamasına, emosiyalarını tənzimləməsinə, öyrənməsinə və sosial münasibətlər qurmasına təsir göstərə bilən neyroinkişaf xüsusiyyətidir. DEHB-li uşaq çox vaxt bacarmaq istəmədiyi üçün deyil, diqqətini toplamaq, başladığı işi davam etdirmək və özünü idarə etmək çətin olduğu üçün bu problemləri yaşayır".
A.İsmayılova əlamətlərin fərqli formalarında təzahür etdiyini və dəqiq qiymətləndirmənin vacibliyini vurğulayıb:
"Əlamətlər hər uşaqda eyni şəkildə görünməyə bilər. Bəzi uşaqlarda əsas problem diqqətsizlik və unutqanlıq, bəzilərində həddindən artıq hərəkətlilik, digərlərində isə impulsiv davranışlar olur. Bu əlamətlərin DEHB ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün onların uzun müddət davam etməsi, müxtəlif mühitlərdə — məsələn, həm evdə, həm də məktəbdə — müşahidə olunması və uşağın gündəlik həyatına təsir göstərməsi nəzərə alınmalıdır. Dəqiq qiymətləndirməni yalnız mütəxəssis apara bilər".
Psixoloq vaxtında müdaxilə olunmadıqda yaranacaq fəsadlara və düzgün yanaşma metodlarına da diqqət çəkib:
"DEHB vaxtında müəyyən edilmədikdə uşaq özünü “bacarıqsız” və ya “problemli”hesab etməyə başlaya bilər. Davamlı danlanmaq və ya digər uşaqlarla müqayisə olunmaq zamanla özünəinamın azalmasına, emosional gərginliyə, sosial münasibətlərdə çətinliklərə, təhsildə geriləməyə və gələcəkdə iş həyatında təşkilatlanma problemlərinə səbəb ola bilər. Buna görə uşağı cəzalandırmazdan və etiketləmədən əvvəl onun davranışının arxasında hansı çətinliyin dayandığını anlamağa çalışmaq vacibdir. Aydın və qısa tapşırıqlar vermək, gündəlik rejim yaratmaq, işi kiçik mərhələlərə bölmək, müsbət davranışları vaxtında qeyd etmək və məktəblə əməkdaşlıq etmək uşağa kömək edə bilər. Lazım gəldikdə uşaq psixoloquna, psixiatra və ya inkişaf üzrə mütəxəssisə müraciət edilməlidir. Qəbul etməliyik ki, uşaq bəzən istəmədiyi üçün deyil, özünü idarə etməkdə çətinlik çəkdiyi üçün bizim ondan tələb etdiyimizi bacarmır. Vaxtında göstərilən anlayış, düzgün yanaşma və peşəkar psixoloji dəstək onun həm bu gününü, həm də gələcəyini dəyişə bilər".
Fatimə Cabbarlı
19:30 21.10.2026
Oxunuş sayı: 62