“Samsung”un ağıllı saatlarını işlədirsinizsə EHTİYYATLI OLUN - BİLƏYİNİZİ YANDIRA BİLƏR
“Samsung” şirkətinin “Galaxy Watch” ağıllı saatlarının bəzi istifadəçiləri cihazları taxdıqdan sonra biləklərində yanığa bənzər izlər və dəridə qızartılar yarandığını iddia ediblər. Lakin dəri zədələrinin səbəbi hələ müəyyənləşdirilməyib və onların saatların həddindən artıq qızması ilə əlaqəsi müstəqil ekspertiza ilə təsdiqlənməyib.
Crossmedia.az xəbər verir ki, “Android Authority” bu barədə məlumat yayıb.
İstifadəçilər internetdə saatların sensor blokunun altında dairəvi qızartıların, bəzi hallarda isə qabarcıqların yarandığını göstərən fotolar paylaşıblar. Şikayətlər təkcə yeni modellərlə deyil, əvvəlki nəsil cihazlarla da bağlıdır.
“Reddit” platformasında ksima_03 adlı istifadəçi “Galaxy Watch 5 Pro” saatı ilə bağlı yaşadığı hadisəni bölüşüb. Onun sözlərinə görə, adətən tam enerji ilə doldurulmuş saatla yatıb. Bir gün səhər oyandıqda cihazın enerjisinin tamamilə bitdiyini, açılmadığını və biləyində yanığa bənzər iz yarandığını görüb.
Digər istifadəçi isə “Galaxy Watch 8” modelinin korpusunun bir tərəfinin heç bir tətbiq işləmədiyi halda nəzərəçarpacaq dərəcədə qızdığını bildirib. Onun iddiasına görə, cihazın parametrlərini sıfırlamaq problemi aradan qaldırmayıb. Saatı uzun müddət taxdıqdan sonra biləyində yanma hiss edib və dərisində qızartı müşahidə edib.
Nəşrin jurnalistləri “Galaxy Watch 7”, “Galaxy Watch 8”, “Galaxy Watch Ultra” və “Galaxy Watch Ultra 2” modellərinin sahiblərindən də oxşar şikayətlər aşkar ediblər. Bu barədə müxtəlif vaxtlarda həm “Reddit”də, həm də “Samsung”un rəsmi forumunda paylaşımlar edilib.
“Android Authority” ehtimal edir ki, batareyanın sürətlə boşalması və cihazın qızması arxa planda işləyən proseslərin düzgün fəaliyyət göstərməməsi ilə əlaqəli ola bilər. Bununla belə, bu ehtimalın dəqiqləşdirilməsi üçün əlavə araşdırma tələb olunur.
Nəşrin məlumatına görə, “Samsung” sadalanan saat modellərində istifadəçilərdə yanıq yarada biləcək qüsurun mövcudluğunu hələ təsdiqləməyib. Jurnalistlər şirkətə rəsmi sorğu göndərdiklərini və cavab gözlədiklərini bildiriblər.
19:26 21.10.2026
Oxunuş sayı: 62