Edinburq Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti ölkəmizin 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü qeyd edib
Böyük Britaniyanın Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyəti ölkəmizin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirib.
Edinburq Universitetinin tələbələri ilə yanaşı, Qlazqo şəhərindən gələn qonaqların da iştirak etdiyi tədbir Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Akif Hüseynovun açılış nitqi ilə başlayıb. O, 18 oktyabrın Azərbaycan tarixindəki əhəmiyyəti barədə məlumat verib və mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1920-ci ildə ölkənin işğalı nəticəsində müstəqilliyin itirilməsi, 20 Yanvar faciəsi və 18 oktyabr 1991-ci ildə “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə müstəqilliyin bərpasından danışılıb.
Bununla yanaşı, müasir Azərbaycanda inkişaf tendensiyaları, xalqımızın mədəni irsi, muğam sənəti, xalçaçılıq ənənələri, milli mətbəxi və zəngin təbiəti barədə məlumatlar təqdim olunub.
Sonra iştirakçılar komandalar şəklində “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər. Oyuna Azərbaycanla maraqlı bağlı suallar daxil edilib. Yarışın sonunda qaliblərə hədiyyələr verilib. Daha sonra çay süfrəsi ətrafında davam edən görüşdə iştirakçılar fikir mübadiləsi aparıb, yeni əlaqələr qurublar.
Tədbir Azərbaycanın tarixinin və mədəniyyətinin xarici universitet mühitində tanıdılması, eləcə də Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
20:36 21.10.2026
Oxunuş sayı: 48