Şredingerin 80 ildən çox gizli qalan əlyazması tapılıb
Avstriya kitabxanasında 80 ildən çox əvvəl yazılmış, fizik Ervin Şredingerə məxsus yayımlanmamış əlyazma aşkarlanıb. Sənəd kvant mexanikasının tanınmış alimlərindən birinin determinizmin mümkünlüyünü müdafiə etdiyini göstərir.
Crossmedia.az xəbər verir ki, “arXiv” elmi arxivində dərc olunan ilkin elmi araşdırmaya əsasən, tapıntını Cenevrə Universitetinin fizika tarixçisi Flavio Del Santo üzə çıxarıb.
Üç səhifədən ibarət əlyazmanın, ehtimal ki, 1944-cü ilin noyabrından sonra yazıldığı güman edilir. Şredinger həmin dövrdə kvant fizikasının dünyanın təbiət etibarilə təsadüfi olduğunu sübut edib-etmədiyi ilə bağlı mübahisələrə münasibət bildirib. O, indeterminizmin lehinə irəli sürülən ən güclü arqumentlərin kvant mexanikasından da əvvəl mövcud olduğunu qeyd edib.
Şredinger riyaziyyatçı Edmund Uittekerin 1943-cü ildə irəli sürdüyü fikirlə də razılaşmayıb. Uitteker hesab edirdi ki, fotonların polyarizasiyası ölçmə nəticələrini əvvəlcədən müəyyən edə biləcək “gizli parametrlərin” mövcudluğunu istisna edir. Gizli parametrlər müşahidə edilməyən, lakin fiziki hadisələrin nəticələrini müəyyənləşdirə biləcəyi ehtimal olunan kəmiyyətlərdir.
Şredinger isə belə bir parametrin yalnız iki qiymət ala bilməsi fikrinə qarşı çıxaraq, onun sıfırla bir arasında istənilən qiyməti qəbul edə biləcəyini göstərib. Təklif etdiyi model kvant ehtimallarını təkrar yaradır və hər ölçmədən sonra gizli parametrin yenilənməsi qaydasını da əhatə edirdi. Beləliklə, model ardıcıl ölçmələr silsiləsini də izah etməyə imkan verirdi.
Araşdırmada vurğulanır ki, Şredinger dünyanın mütləq determinizm prinsipi ilə işlədiyini iddia etməyib. O, sadəcə determinizmin qeyri-mümkün olduğu barədə qəti fikirlərə etiraz edib və onun nəzəri baxımdan mümkünlüyünü müdafiə edib.
Flavio Del Santonun ehtimalına görə, Şredinger 1944-cü ildə Heinrich Pelzer tərəfindən oxşar modelin irəli sürüldüyünü öyrəndikdən sonra öz işini dərc etdirməkdən vaz keçmiş ola bilər. Bununla belə, əlyazmanın niyə yayımlanmadığı dəqiq məlum deyil.
Tapıntı kvant fizikasında təsadüfiliyin mahiyyəti və fiziki hadisələrin əvvəlcədən müəyyənləşdirilib-müəyyənləşdirilməməsi ilə bağlı uzun müddətdir davam edən elmi müzakirələrə yeni material əlavə edir.
00:49 22.10.2026
Oxunuş sayı: 45