“Komo” Çempionlar Liqasında “Mançester Yunayted”i darmadağın edib
İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda İtaliyanın “Komo” komandasına 1:4 hesabı ilə məğlub olub.
Crossmedia.az xəbər verir ki, qarşılaşma İtaliyanın Komo şəhərindəki “Cüzeppe Sinilya” stadionunda keçirilib.
Matçda hesabı ikinci dəqiqədə Nikolas Pas açıb. Anastazios Duvikas 49-cu dəqiqədə fərqi artırıb, Pas isə 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. “Komo”nun dördüncü qolunu 76-cı dəqiqədə Xakobo Ramon vurub. İngiltərə təmsilçisinin yeganə qoluna isə 90+1-ci dəqiqədə Coşua Zirkzee imza atıb.
Qarşılaşmanı Almaniyadan olan baş hakim Sven Yablonski idarə edib.
Qeyd edək ki, “Komo” Çempionlar Liqasında debüt edir. “Mançester Yunayted” isə ardıcıl ikinci məğlubiyyətini alıb.
Növbəti turda İngiltərə klubu noyabrın 3-də doğma meydanda İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Komo” isə bir gün sonra səfərdə Fransanın “Lans” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
22:58 21.10.2026
Oxunuş sayı: 49