Tacikistan DİN-dən qeyri-adi addım: falçıların və müştərilərinin məlumatları toplanır
Tacikistanın Daxili İşlər Nazirliyi falçıların, sehrbazların, fahişələrin, onların müştərilərinin və yaxınlarının, eləcə də narkotik asılılığı olan şəxslərin məlumatlarının toplandığı xüsusi məlumat bazası yaradıb.
Crossmedia.az xəbər verir ki, qurumun mətbuat xidməti bu barədə rəsmi saytında məlumat yayıb.
Nazirlik bildirib ki, məlumatların toplanmasında məqsəd cəmiyyətdə xurafatın, falçılığın, sehrbazlığın və bu kimi fəaliyyətlərin yayılmasının qarşısını almaqdır. Bazaya səyyar fəaliyyət göstərən, özünü din xadimi kimi təqdim edən şəxslər və bu fəaliyyətlərlə əlaqəli digər insanlar barədə məlumatlar da daxil edilir.
Qurumun açıqlamasına görə, xüsusi qeydiyyata alınan şəxslər daimi nəzarətdə saxlanılır, onlar haqqında məlumatlar isə müvafiq strukturların sorğuları əsasında təqdim edilir.
Tacikistan DİN-i əhalini bu kateqoriyadan olan şəxslərlə əlaqə saxlamaqdan çəkinməyə çağırıb. Nazirlik xəbərdarlıq edib ki, belə şəxslərlə təmasda olanlar özləri də xüsusi qeydiyyata düşə bilərlər.
Məlumata əsasən, Düşənbə şəhər polis idarəsi cari ilin ilk yarısında falçılıqla bağlı 93 hal qeydə alıb. Araşdırmaların nəticəsində beş nəfər barəsində cinayət işi başlanıb.
Tacikistanda falçılıq və sehrbazlığa görə 80–100 hesablama göstəricisi, yəni təxminən 6–7,5 min somoni məbləğində cərimə və ya 10–15 günlük inzibati həbs nəzərdə tutulur.
Eyni qayda pozuntusunun bir il ərzində təkrar törədilməsi isə 110–150 min somonidən çox cərimə və ya bir ildən iki ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
23:50 21.10.2026
Oxunuş sayı: 49