Yanacaq bahalığına etirazlar İtaliya hava limanlarının işinə təsir edib
İtaliyada yanacağın bahalaşmasına qarşı yük maşını sürücülərinin etirazları səbəbindən ən azı beş hava limanında aviasiya yanacağının təchizatında problemlər yaranıb.
Crossmedia.az xəbər verir ki, “Leggo” nəşri bu barədə ENAV aviasiya naviqasiyası xidmətinin pilotlar üçün yayımladığı bildirişlərə (NOTAM) istinadən məlumat yayıb.
Kalabriya bölgəsindəki Kroton və Reco-di-Kalabriya hava limanlarında yanacaq çatışmazlığı qeydə alınıb. Reco-di-Kalabriya hava limanında Jet A1 təyyarə yanacağı və Avgas 100LL aviasiya benzini, Krotonda isə Jet A1 yanacağı əlçatan deyil.
Kampaniya bölgəsindəki Neapolun Kapodikino və Salerno hava limanlarında da məhdudiyyətlər tətbiq olunub.
Hava limanlarının operatoru “Gesac” aviaşirkətləri Jet A-1 yanacağının çatışmazlığı barədə xəbərdar edib və təyyarələrin uçuşdan əvvəl yanacaqla təmin olunmasını tövsiyə edib. Şirkət, həmçinin etirazçılar tərəfindən giriş yolları bağlanan yanacaq anbarlarına yanacaqdaşıyan maşınların hərəkətinin təmin edilməsi üçün prefekturaya müraciət edib.
Siciliya adasındakı Kataniya-Fontanarossa hava limanında da yanacaq təchizatında fasilələr yaranıb və yanacaq doldurulmasına məhdudiyyətlər qoyulub. Komizo hava limanı isə hələlik normal fəaliyyət göstərir.
İtaliyada dizelin yüksək qiymətinə qarşı etirazlar bir neçə gündür davam edir. Daşıyıcılar yolları və logistika mərkəzlərini bağlayırlar. Bu isə ölkənin cənubunda mağazalarda bəzi məhsulların azalmasına, yanacaqdoldurma məntəqələrində isə növbələrin yaranmasına səbəb olub.
22:11 21.10.2026
Oxunuş sayı: 51