Oktyabrın ekranlara gətirəcəyi ən maraqlı 12 film açıqlandı
Oktyabr ayında dünya kinoteatrlarında müxtəlif janrlarda bir sıra yeni filmlər nümayiş olunacaq.
Crossmedia.az xəbər verir ki, BBC qarşıdakı ayın diqqət çəkən 12 filmi barədə məlumat yayıb.
Filmlər arasında Tom Kruzun aksiyon janrındakı ənənəvi obrazından fərqli rolda çıxış etdiyi “Digger”, Ceyn Ostinin “Sense and Sensibility” əsərinin yeni ekranlaşdırması, Kolin Huverin romanı əsasında çəkilən “Verity” və qorxu filmi “Other Mommy” də var.
“Digger” filmində Tom Kruz ekssentrik neft milyarderi Digger Rokvell obrazını canlandırır. Alejandro Qonsales İnyarritunun rejissorluq etdiyi ekran əsərində Rokvellin şirkəti iqlim dəyişikliyi ilə bağlı fəlakətə səbəb olur və ABŞ prezidenti ondan yaranmış vəziyyəti aradan qaldırmağı tələb edir. Filmdə Kruzla yanaşı Sandra Hüller, Riz Əhməd və Con Qudman da rol alıb. Film oktyabrın 1-i və 2-də beynəlxalq nümayişə çıxacaq.
Oktyabrın diqqət çəkən ekran əsərlərindən biri də Georgia Oakleyin rejissoru olduğu “Sense and Sensibility” filmidir. Deyzi Edqar-Cons və Esme Krid-Maylz ailələrinin ölümündən sonra evlərini tərk etmək məcburiyyətində qalan Daşvud bacılarını canlandırırlar. Film oktyabrın 16-da ABŞ və Kanadada, ay ərzində isə digər ölkələrdə nümayiş olunacaq.
“Verity” filmində Enn Heteuey bestseller müəllifi Veriti obrazında çıxış edir. Avtomobil qəzasından sonra komaya düşən yazıçının yarımçıq qalmış romanını tamamlaması üçün əri xəyal yazarı işə götürür. Lakin qadın ailənin evinə köçdükdən sonra Veritinin vəziyyətinin göründüyü qədər ağır olmadığına dair şübhələrə düşür. Film oktyabrın 1-i və 2-də beynəlxalq nümayişə çıxacaq.
“Other Mommy” filmində isə Jessica Chastain iki fərqli obrazı canlandırır. O, səkkiz yaşlı Belanın anası Ursulanı və uşağın qarşısına çıxan onun demonik bənzərini oynayır. Rob Savageın rejissoru olduğu qorxu filmi oktyabrın 8-i və 9-da beynəlxalq nümayişə çıxacaq.
Aaron Sorkinin rejissoru və ssenari müəllifi olduğu “The Social Reckoning” isə “The Social Network” filminin davamı kimi təqdim olunur. Ekran əsəri “Facebook”un keçmiş əməkdaşı Frensis Haugenin sosial şəbəkənin fəaliyyətinin yaratdığı zərərlərlə bağlı daxili sənədi ictimaiyyətə açıqlamasından bəhs edir. Mikey Madison Haugen rolunu, Jeremy Strong isə Mark Zukerberqi canlandırır. Film oktyabrın 9-da ABŞ, Kanada, Böyük Britaniya və İrlandiyada nümayiş olunacaq.
Oktyabrın digər diqqətçəkən filmləri sırasında “Wicker”, Kann Film Festivalının bu ilki “Palma budağı” mükafatının qalibi “Fjord”, “Possible Love”, “Tenzing” və “Street Fighter” də yer alır. “Wicker” filmində Olivia Colman və Peter Dinklage, “Fjord”da Sebastian Stan və Renate Reinsve, “Tenzing”də isə Genden Phuntsok və Tom Hiddleston rol alıb.
“Street Fighter” məşhur videooyun əsasında çəkilib. Filmdə Noah Centineo, Andrew Koji və Jason Momoa rol alır. Ekran əsərinin oktyabrın 15-i və 16-da beynəlxalq nümayişə çıxması planlaşdırılır.
İspaniyanın “La Bola Negra” filmi isə rejissorlar Xavyer Kalvo və Xavyer Ambrossinin ekran işidir. Filmin prodüseri Pedro Almodovar, qonaq aktyoru isə Penelopa Kruz olub. Ekran əsəri 1932, 1937 və 2017-ci illərdə baş verən hadisələr fonunda İspaniyada LGBT tarixinin necə silindiyini araşdıran gənc akademikin hekayəsindən bəhs edir.
Ayın daha çox müzakirə olunacaq ekran işlərindən biri də İlon Mask haqqında çəkilmiş dörd saatlıq sənədli filmdir. Rejissor Aleks Gibni Maskın “Silicon Valley”dəki ilk illərindən avtomobil istehsalçısına və daha sonra milyarderə çevrilməsinə qədər həyat yolunu araşdırıb. Film oktyabr ayında nümayiş olunacaq.
Beləliklə, oktyabrın kino təqvimində həm Hollivud ulduzlarının iştirak etdiyi kommersiya filmləri, həm də sosial və tarixi mövzulara həsr olunmuş dram və sənədli ekran əsərləri yer alacaq.
05:45 25.09.2026
Oxunuş sayı: 40