Astronomları təəccübləndirən planet öz ulduzunun əksinə hərəkət edir
Yer kürəsindən 73 işıq ili uzaqda yerləşən GJ 3090 b ekzoplaneti öz ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət edir və onun 136 dərəcəlik orbital meyilliyi alimləri çaşdırıb.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
2022-ci ildə kəşf edilən GJ 3090 b ulduzundan formalaşan sistemlərdə planetlərin adətən ulduzla eyni istiqamətdə hərəkət etməsi qaydasına uyğun gəlmir. Sub-Neptun sinfinə aid olan planetin radiusu Yerdən 2,2 dəfə, kütləsi isə 4,5 dəfə böyükdür.
Astronomlar La Silla Rəsədxanasında yerləşən NIRPS cihazı ilə apardıqları dəqiq ölçmələr nəticəsində planetin ulduzun ekvator müstəvisinə 136 dərəcəlik bucaq altında hərəkət etdiyini müəyyənləşdiriblər. Bu qədər yüksək orbital meyilliyə malik sistemlərin çox nadir olduğu bildirilir.
Alimləri əsasən GJ 3090 b-nin orbitindəki bu qeyri-adi vəziyyəti izah edə biləcək nəhəng planet və ya qəhvəyi cırtdanın olmaması düşündürür. Tədqiqatçılar hesab edirlər ki, ulduz keçmişdə xaricdən gələn, əks istiqamətdə və uyğunsuz hərəkət edən disk materialını özünə çəkmiş, planet isə həmin materialdan formalaşmış ola bilər.
“Astronomy & Astrophysics” jurnalında dərc olunan araşdırmanın nəticələri ekzoplanet sistemlərinin formalaşması ilə bağlı mövcud modellərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini göstərir.
04:10 25.09.2026
Oxunuş sayı: 35