Kubalı aqronom evini 100 növ orkidenin məskəninə çevirib
Havanın kənarında yerləşən baxımsız məhəllələrdən birində kubalı aqronom Lorenzo Suares evini əsl şəhər vahəsinə çevirib. Onun bağında orkidenin 100 müxtəlif növü və hibridi yetişdirilir.
Crossmedia.az xəbər verir ki, Kuba ciddi iqtisadi çətinliklərlə üzləşir. Ölkədə tez-tez elektrik enerjisi kəsilir, müxtəlif resursların çatışmazlığı yaşanır. Lakin kənd təsərrüfatı mühəndisi olan Suares öz ixtisasından istifadə edərək yeni çiçək növləri yetişdirir.
Digər ölkələrdə bitki yetişdirən və bunu kommersiya məqsədi ilə edən insanlardan fərqli olaraq, Suaresi əsasən yeni və unikal bitki növləri yaratmaq həvəsi motivasiya edir.
O, 2009-cu ildə Kubanın ilk dekorativ orkide hibridini yaradıb və ona “Bella Lorena” adını verib. Hazırda isə aqronom əsas diqqətini yerli Kuba orkidelerini xaricdən gətirilən növlərlə çarpazlaşdırmağa yönəldib.
Diqqətli seleksiya prosesi vasitəsilə Suares həm gözoxşayan, həm də ölkədə temperaturun yüksəlməsinə daha yaxşı uyğunlaşa bilən yeni hibridlər əldə etməyə çalışır.
Suares yetişdirdiyi orkideləri insanların istifadəsinə təqdim etməklə nadir və nəsli təhlükə altında olan vəhşi orkidələrin Kubanın meşələrindən toplanmasının qarşısını almağa da ümid edir.
Hazırda Kubada yerli orkidelərin təxminən 300 növü insan fəaliyyəti və ətraf mühitdə baş verən dəyişikliklər səbəbindən təhlükə altındadır.
01:43 25.09.2026
Oxunuş sayı: 43