Paşinyandan Azərbaycanla bağlı etiraf: Ermənistan hələ belə dövr görməmişdi
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək, ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycanla əldə olunan sülhün Cənubi Qafqazda yeni imkanlar yaratdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda Trampın şəxsi iştirakı və dəstəyi ilə bağlanan sülh razılaşmasının region üçün yeni perspektivlər açdığını vurğulayıb. O qeyd edib ki, bu sülh regional əlaqələrin, nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın inkişafına şərait yarada bilər.
Baş nazir Ermənistan və Azərbaycan arasında son iki il yarımdır atəşkəs nəticəsində heç bir itki və yaralanma olmadığını, bunun isə Ermənistanın müstəqilliyindən bəri görünməmiş bir dövr olduğunu deyib.
Paşinyan xüsusilə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini qeyd edib. Bu layihə Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrini açmaq və Azərbaycanı Naxçıvanla birləşdirmək məqsədi daşıyır. Ermənistan və ABŞ arasında bağlanan çərçivə razılaşmasına görə, birgə yaradılan TRIPP İnkişaf Şirkətinin ilkin 49 illik müddətində 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq. Müddət daha 50 il uzadılarsa, Ermənistanın payı 49 faizə yüksələ bilər.
O, layihənin regionda yeni nəqliyyat marşrutları yaradacağını, iqtisadi inkişafa və sabitliyə töhfə verəcəyini bildirib. Paşinyan həmçinin Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin sovet dövründən bəri ilk dəfə bərpa olunduğunu qeyd edib.
08:40 25.09.2026
Oxunuş sayı: 46