Fələstin prezidentindən Trampa XƏBƏRDARLIQ: sözünü tut!
Fələstin prezidenti həmkarı Donald Trampa müraciət etdi: Fələstinlilərin köçürülməsinin və torpaqların ilhaqının qarşısını alın
Crossmedia.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 81-ci sessiyasına müraciətində ABŞ prezidenti Donald Trampa ərəb ölkələrinə verdiyi sözləri yerinə yetirməyə çağırıb.
Abbas, ikinci ildir ki, şəxsən iştirak edə bilmədiyi üçün əvvəlcədən yazılmış çıxışında Trampın ərəb və islam dövlətlərinin liderlərinə verdiyi vədlərə – fələstinlilərin yurdlarından köçürülməsinin və Fələstin torpaqlarının ilhaqının qarşısının alınmasına – əməl etməsini istəyib.
Fələstin lideri bildirib ki, xalqı tarixinin “ən təhlükəli dövrlərindən birini” yaşayır. O, Qəzzada öldürmə, dağıntı, aclıq və məcburi köçürmə cəhdlərini, İsrail siyasətinin isə fələstinlilərin “həyat və mövcudluğunu” təhdid etdiyini vurğulayıb.
Abbas dünya liderlərini 1948-ci ildəki “Nakba” (fəlakət) və qırğınların təkrarlanmasına yol verməməyə çağırıb. O, ABŞ-nin Fələstin rəhbərliyi və beynəlxalq icma ilə birlikdə beynəlxalq hüquqa əsaslanan iki dövlətli həllin həyata keçirilməsi üçün işləməsini istəyib.
Fələstinlilər Trampın sülh planını alqışlasalar da, yerdə heç bir irəliləyiş görmədiklərini deyən Abbas, keçid dövrünün nəticədə Qəzza zolağı və işğal olunmuş Qərb Sahilinin vahid Fələstin dövləti altında birləşməsinə və yeganə qanuni silahlı qüvvənin formalaşmasına səbəb olmalı olduğunu bildirib.
Abbas çıxışında fələstin xalqına müraciət edərək, onların vətənlərini tərk etməyəcəyini, köçürülməni qəbul etməyəcəyini və gələcəklərini heç kimin onlar adından qərar verməsinə imkan verməyəcəyini vurğulayıb.
07:30 25.09.2026
Oxunuş sayı: 37