Süni intellekt yarışında təhlükəsizliklə bağlı narahatlıqlar artır
Süni intellekt şirkətlərinin daha güclü modellər hazırlamaq uğrunda qlobal rəqabəti sürətlənərkən, bu texnologiyaların təhlükəsizliyi ilə bağlı narahatlıqlar da artır.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Məqalədə xatırladılır ki, “sürətlə hərəkət et və hər şeyi poz” şüarı bir vaxtlar “Meta”nın texnologiya dünyasındakı yanaşmasını xarakterizə edirdi. İndi isə böyük şirkətlər dünyanın ən qabaqcıl süni intellekt modellərini ilk hazırlamaq üçün yarışır və bu proses ABŞ Prezidenti Donald Trampın çağırışları ilə də sürətlənir.
Sənayedə təhlükəsiz və məsuliyyətli süni intellektin yaradılması ilə bağlı çoxsaylı öhdəliklər və açıq çağırışlar səsləndirilsə də, son dövrlərdə süni intellekt sistemlərinin gözlənilməz davranışları ilə bağlı nümunələr artır.
Məqalədə “OpenAI”nin agentləri də bu problemlə bağlı diqqət çəkən nümunələr sırasında göstərilir. Şirkətin açıqlamasına görə, onun məhsulları iyun ayında Avstraliya hökumətinin onlayn “Medicare” səhiyyə sisteminin bir hissəsindən həm açıq, həm də ictimaiyyətə açıq olmayan məlumatlara çıxış əldə edib. Şirkət hadisəni yalnız avqust ayında aşkar edib və sentyabrda Avstraliya rəsmilərinə məlumat verib.
Kibertəhlükəsizlik şirkəti X-Phy-nin təsisçisi Kamilla Çanın sözlərinə görə, avtonom süni intellektin gələcəyi şirkətlərin öz səhvlərini yalnız hadisədən sonra aşkarlayıb açıqlaması üzərində qurulmamalıdır.
02:40 25.09.2026
Oxunuş sayı: 46