"Səbəbsiz qızdırma" nəyin əlamətidir?
Hər dəfə termometrin göstəricisi 37-ni keçəndə bədənimiz əslində bizimlə gizli bir dildə danışmağa başlayır: "İçəridə nə isə qaydasında deyil." Lakin bəzən bu xəbərdarlıq siqnalı aydın bir xəstəlik kadrına çevrilmir, həftələrlə, hətta aylarla davam edən qeyri-müəyyən bir tapmacaya dönüşür. Həkim-həkim gəzən, saysız-hesabsız analizlərdən keçən, amma hələ də cavabsız qalan xəstələr üçün bu "naməlum temperatur" təkcə fiziki yorğunluq deyil, həm də böyük bir psixoloji yükdür.
Səbəbi bəlli olmayan qızdırma-tibbin ən mürəkkəb xəfiyyə hekayələrindən biridir. O, bəzən dərində gizlənmiş ciddi bir infeksiyanın maskalanmış üzü, bəzən orqanizmin immun sisteminin səssiz fəryadı, bəzən də orqanik heç bir iz qoymadan sırf əsəb sisteminin ritmini itirməsindən doğan bir "termonevroz"dur. Bəs bədənin temperatur tənzimləmə mexanizmi harada və niyə korlanır? Orqanik patologiya ilə psixosomatik temperatur arasındakı o incə xətt hardan keçir?

Məsələ ilə bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib:
"Bunun adını biz "dəqiqləşdirilməmiş qızdırma" və yaxud "etiolgiyası məlum olmayan qızdırma" qoyuruq. Bəzən xəstələr aylarla qapı-qapı gəzirlər, amma qızdırmanın səbəbi tapılmır. Yəni buna dəqiqləşdirilməmiş qızdırma deyilir. Təbii ki, belə xəstələr kifayət qədər araşdırılmalıdır, çünki bu vəziyyət altta yatan ciddi bir xəstəliyin simptomu ola bilər".
Ekspertin sözlərinə görə, qızdırma altında yatan hər hansı ciddi infeksion xəstəliyin - bakterial və ya virus infeksiyasının bir göstəricisi, simptomu kimi ortaya çıxır.
"Ona görə də belə xəstələr, birinci növbədə, ətraflı terapevtik müayinədən, ikinci mərhələdə isə infeksionist həkimin müayinəsindən keçməlidirlər.
Yəni bu vəziyyət səbəbi məlum olmayan və ya dəqiqləşdirilməmiş qızdırma sayılır. Doğrudur, hər hansı bir xəstəlik tapılır, ona qarşı adekvat müalicə aparılır və bundan sonra xəstənin vəziyyəti stabilləşir. Lakin dəqiqləşdirilməmiş qızdırmalar arasında bəzən aylarla, hətta illərlə səbəbi tapılmayan vəziyyətlər də olur. Nəticədə orqanik bir patologiya tapılmayanda, biz belə xəstələrə "termonevroz" diaqnozu qoyuruq. Termonevroz - yəni nevrotik qızdırma zamanı bəzi nevrotik xəstələrdə subfebril temperatur, yəni 37.1, 37.2, 37.3, 37.5-ə qədər yüksələn hallar müşahidə olunur".
Turqut Ansari
10:00 06.08.2026
Oxunuş sayı: 47