Apteklərdə özbaşınalıq və pərakəndəlik var - Rəy
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə ərazisindəki apteklərdə aparılan monitorinqlər zamanı ötən ay 11 aptekdə müxtəlif nöqsan və qanunsuzluqların aşkarlanması səhiyyə sektorundakı mövcud problemləri yenidən gündəmə gətirib. Reseptsiz dərman satışı, qiymət intizamının pozulması və aptek şəbəkələrindəki pərakəndəlik əhalinin dərman təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olur.
Aşkarlanan nöqsanların köklü səbəbləri və bu sahədə effektiv nəzarət mexanizminin qurulması yolları barədə tibb üzrə elmlər doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, apteklərdəki özbaşınalığın əsas səbəbi səhiyyə sistemində vahid elektron nəzarətin və tam inteqrasiyanın olmamasıdır:
"Bizim səhiyyə sistemində vahid rəhbərlik təmin olunmasa, elektron səhiyyə bütün respublika ərazisində eyni səviyyədə tətbiq edilməsə və dövlət-özəl sığorta sisteminin tam altyapısı hər yerdə qurulmasa, əlbəttə ki, apteklərdə bu cür özbaşınalıq və pərakəndəlik qalacaq. Apteklər də öz növbəsində birer kommersiya subyektidir. Onlar mövcud çətin rəqabət şəraitində gəlir əldə etməyə və ayaqda kalmağa çalışırlar. Məhz bu səbəbdən də dərmanların reseptli və ya reseptsiz belə pərakəndə satışı kütləvi şəkildə davam edir".
A.Qeybulla vurğulayıb ki, ayrı-ayrı epizodik yoxlamalar və cərimələr problemi kökündən həll edə bilməz, sistemli islahatlar şartdır:
"Bütün apteklər vahid şəbəkəyə inteqrasiya olunsa və ölkə üzrə mərkəzləşdirilmiş elektron resept sistemi real olaraq tam tətbiq edilsə, yalnız bu halda effektiv bir nəzarət mexanizmi yarana bilər. Bütün apteklərin bu vahid elektron zəncirə qoşulması dərman dövriyyəsinə tam şəffaflıq gətirər. Lakin hələlik bu infrastruktur tam hazır olmadığı üçün ayrı-ayrı apteklərdə aparılan epizodik yoxlamalar və ya tətbiq edilən inzibati qaydalar məsələnin köklü həlli deyil. Problem məhz sistemin özünün hələ tam formalaşmamasından qaynaqlanır".
Fatimə Cabbarlı
17:00 05.08.2026
Oxunuş sayı: 47