Hikmət Hacıyev: Buna heç vaxt icazə vermərik
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailin Azərbaycandan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edə biləcəyi ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o açıqlamasında danışıb.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan İranı qardaş ölkə hesab edir və Araz çayının o tayında yaşayan insanları öz qardaşları kimi görür.
Onun sözlərinə görə, Azərbaycanın suverenliyi ölkənin əsas prinsipidir və rəsmi Bakı heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadə edilməsinə imkan verməz.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın sərhədin o tayında yaşayan insanlar qarşısında mənəvi borcu var və bu səbəbdən belə bir ssenari mümkün deyil.
Hikmət Hacıyev, həmçinin bunun texniki baxımdan da mümkünsüz olduğunu vurğulayıb. O bildirib ki, İsrailin Azərbaycana çatması üçün Türkiyə ərazisindən keçməsi lazımdır və nə Türkiyə, nə də Azərbaycan buna heç vaxt icazə verməz.
Sonda o, bu cür iddiaları "çirkli təbliğatın elementi" adlandırıb.
14:23 05.08.2026
Oxunuş sayı: 69