Qulaqlıq təhlükəsi: bu vərdiş eşitməni səssizcə məhv edir
Yüksək səslə və uzun müddət qulaqlıqdan istifadə gənclərdə geri dönməz eşitmə itkisi riskini artırır. Mütəxəssislər qulaqda küy, danışığı anlamaqda çətinlik kimi əlamətlərin diqqətdən kənarda qalmamasını tövsiyə edir.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə məlumat yayıb.
Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən qulaqlıqlar düzgün istifadə edilmədikdə daxili qulaqda qalıcı zədələr yarada bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox gənc yüksək səsli musiqi və təhlükəli dinləmə vərdişləri səbəbindən daimi eşitmə itkisi riski ilə üz-üzədir.
Mütəxəssislər bildirirlər ki, eşitmə itkisi yalnız yaşlı insanlarda müşahidə olunmur. Son illərdə uşaqlar, yeniyetmələr və gənclər arasında da bu problemlər daha çox yayılıb.
Qulaqlığı gün boyu çıxarmamaq, yüksək səslə musiqi dinləmək və səs-küylü mühitdə səsi artırmaq eşitmə sisteminə ciddi zərər verə bilər.
Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Vehip Beyazgün bildirib ki, eşitmə itkisi ilkin mərhələdə hiss olunmasa da, zamanla danışığı ayırd etməkdə çətinlik, diqqət problemləri və sosial ünsiyyətdə çətinliklər yarada bilər.
Qulaqlıqların, o cümlədən simsiz "Bluetooth" modellərinin özü birbaşa təhlükə yaratmır. Əsas risk onların hansı səs səviyyəsində və nə qədər müddət istifadə edilməsindən asılıdır.
Uzun müddət yüksək səsə məruz qalmaq daxili qulaqdakı eşitmə hüceyrələrinə zərər verə bilər. Bu hüceyrələr zədələndikdə isə özünü bərpa edə bilmir.
Qulaqda küy, televizorun səsini daim artırmaq ehtiyacı, danışılanları anlamaqda çətinlik və qarşı tərəfdən sözləri təkrar etməsini istəmək eşitmə probleminin ilkin əlamətləri hesab olunur.
Həkimlər qulaq sağlamlığını qorumaq üçün qulaqlıq səsini orta səviyyədə saxlamağı, uzunmüddətli fasiləsiz istifadədən qaçmağı və qulaqları mütəmadi dincəltməyi tövsiyə edirlər.
13:53 05.08.2026
Oxunuş sayı: 51