70 metr dərinlikdə gizlənən möcüzə: Gizli "xəzinə" tapıldı
Egey dənizində indiyədək aşkar edilən ən böyük mərcan meşəsi Türkiyənin Qökçəada adası ilə Yunanıstanın Semadirek adası arasındakı ərazidə tapılıb.
Crossmedia.az xəbər verir ki, "Anadolu Agentliyi" bu barədə məlumat yayıb.
Türkiyə Dəniz Araşdırmaları Fondu ("TÜDAV") tərəfindən aparılan tədqiqat zamanı Türkiyənin ərazi sularında 70-120 metr dərinlikdə yerləşən və uzunluğu 2 kilometrdən çox olan geniş mərcan ekosistemi aşkarlanıb.
Araşdırmalar Türkiyə İş Bankının dəstəyi ilə "R/V TÜDAV-Maru" tədqiqat gəmisi, sualtı robotlar və uzaqdan idarə olunan görüntüləmə sistemləri vasitəsilə həyata keçirilib.
"TÜDAV"ın rəhbəri professor Bayram Öztürk bildirib ki, Qökçəada ilə Semadirek arasındakı ərazidə əvvəllər məlum olmayan böyük mərcan meşəsinə rast gəlinib.
Onun sözlərinə görə, mərcan topluluqları təxminən 70 metr dərinlikdən başlayır və 120 metrə qədər davam edir. Ərazi zəngin bioloji müxtəlifliyi ilə seçilir və burada böyük həcmdə kalsium karbonat yığıntıları mövcuddur.
Öztürk qeyd edib ki, bu ölçüdə mərcan meşəsi nə Türkiyə, nə də Yunanıstan sahillərində əvvəllər qeydə alınmayıb. Kəşf sahildən təxminən 2 dəniz mili uzaqlıqda başlayır və 2 kilometrdən artıq əraziyə yayılır.
Alimlər mərcan meşəsinin daha dərin sularda və beynəlxalq sularda da davam edə biləcəyini ehtimal edirlər. Ərazidə sualtı qırılmalar, su və qaz çıxışları da müşahidə olunub.
Kəşf edilən mərcanların sərt deyil, əsasən "qorqon" adlanan yumşaq mərcan növlərindən ibarət olduğu bildirilib. Bu növlər arasında Aralıq dənizində nadir rast gəlinən canlıların da olduğu qeyd olunub.
Mütəxəssislərin fikrincə, bu ərazi balıqlar və müxtəlif onurğasız canlılar üçün mühüm yaşayış mühiti yaradır və Egey dənizinin bioloji zənginliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
"TÜDAV"ın məlumatına görə, tədqiqatlar sentyabr və oktyabr aylarında davam etdiriləcək. Məqsəd mərcan meşəsinin sərhədlərini, dərinliyini və yayılma sahəsini daha dəqiq müəyyənləşdirməkdir.
Alimlər həmçinin bildiriblər ki, indiki müşahidələrə əsasən, aşkar edilən mərcan topluluqları sağlam vəziyyətdədir və iqlim dəyişikliklərinin təsirini göstərən ciddi zədələnmə əlamətləri aşkarlanmayıb.
13:24 05.08.2026
Oxunuş sayı: 54