Müdirlər işçilərə zəng edə bilməyəcək - yeni qanun
Ukraynada yeni Əmək Məcəlləsinə əsasən, işəgötürənlər iş vaxtından kənarda əməkdaşlara zəng edə, mesaj yaza və ya onlarla işlə bağlı əlaqə saxlaya bilməyəcəklər. Dəyişiklik işçilərin istirahət hüququnun qorunması, iş və şəxsi həyat arasında balansın təmin edilməsi, eləcə də iş vaxtından kənar əmək yükünün azaldılması məqsədi daşıyır. Bu qərar əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni yanaşma kimi qiymətləndirilir.

Mövzu ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, belə bir müddəanın qanunvericilikdə nəzərdə tutulması mümkündür: “Lakin bu qadağanın praktik tətbiqi kifayət qədər çətin olacaq. Bütün peşələrə eyni yanaşmanı tətbiq etmək mümkün deyil. Elə işlər var ki, işçi müəyyən olunmuş iş vaxtında öz vəzifəsini yerinə yetirir, işdən çıxır və işəgötürənin sonradan onunla əlaqə saxlamasına ehtiyac qalmır. Amma elə fəaliyyət sahələri də var ki, işin xarakterindən asılı olaraq təcili məsələlərin dəqiqləşdirilməsi, məsafədən müəyyən tapşırıqların yerinə yetirilməsi və ya qeyri-rəsmi iş tapşırıqlarının verilməsi zərurəti yaranır. Bu, xüsusilə müasir kommunikasiya vasitələrinin inkişaf etdiyi dövrdə geniş yayılmış praktikadır”.
S.Məmmədov bildirib ki, 30-40 il əvvəl belə imkanlar mövcud deyildi, lakin texnologiyanın inkişafı əmək münasibətlərinə də təsir göstərib: “Əvvəllər hər kəsin ev telefonu, mobil cihazı, “WhatsApp” kimi rabitə vasitələri yox idi. İndi isə kommunikasiya imkanları yeni reallıq formalaşdırıb və əmək münasibətləri də bu reallığa uyğun tənzimlənməlidir”.
Onun sözlərinə görə, bir sıra ölkələrdə bu məsələnin həlli üçün çevik iş qrafiki tətbiq edilir: “Bəzi xarici ölkələrdə işçinin mütləq səkkiz saat ofisdə olması tələb edilmir. O, işin bir hissəsini məsafədən, bir hissəsini isə fərqli vaxtlarda yerinə yetirə bilir. Beləliklə, iş vaxtından kənar ünsiyyət də əvvəlcədən razılaşdırılmış qaydalar çərçivəsində tənzimlənir”.
Ekspert hesab edir ki, Azərbaycanda da gələcəkdə çevik iş qrafikinin tətbiqi bu məsələnin hüquqi həll yollarından biri ola bilər: “Əmək qanunvericiliyində və məşğulluq strategiyasının tədbirlər planında çevik iş qrafikinin tətbiqi ilə bağlı dəyişikliklər nəzərdə tutula bilər. Belə olan halda, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsində iş vaxtından kənar kommunikasiya qaydaları da ayrıca əksini tapa bilər. Mən hesab edirəm ki, bu məsələnin hüquqi həlli mümkündür. Amma sadəcə qanunda ümumi qadağa qoymaqla problemin həllinə nail olmaq çətin olacaq”.
Zərnigar Hüseynli
14:30 05.08.2026
Oxunuş sayı: 87