Xəyanət, qisas, manipulyasiya... Serialların gizli təsiri
Son illər xarici seriallar Azərbaycanda ən çox izlənilən məzmun növlərindən birinə çevrilib. Xüsusilə ailə münasibətlərini, xəyanət, qisas, manipulyasiya və mürəkkəb qohumluq əlaqələrini ön plana çıxaran ekran əsərləri milyonlarla izləyici toplayır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, uzun müddət bu cür məzmuna məruz qalmaq xüsusilə uşaqlar, yeniyetmələr və ailə dəyərləri ilə bağlı təsəvvürləri formalaşan insanlar üçün müəyyən psixoloji və sosial təsirlər yarada bilər.

Mövzu ilə bağlı İngla Kids and Preschool-un direktor müavini, psixoloq Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, burada ən vacib məqam serialın özündən çox, beynimizin işləmə prinsipi ilə bağlıdır:
“Çünki beyin real yaşanan hadisə ilə davamlı izlənilən hadisə arasında hər zaman kəskin fərq qoymur. Bir davranışı dəfələrlə gördükdə, hətta onunla razı olmasaq belə, beyin onu tanış qəbul etməyə başlayır. Psixologiyada buna normalizasiya effekti deyirik. Yəni əvvəl bizi təəccübləndirən davranış bir müddət sonra adi görünməyə başlayır. Məsələn, seriallarda xəyanət, manipulyasiya və yalan danışmaq hər bölümün əsas xəttidirsə, tamaşaçı istər-istəməz münasibətlərə daha şübhə ilə yanaşmağa başlayır. Maraqlıdır ki, bunun üçün insanın həmin davranışı təkrarlaması da vacib deyil. Bəzən sadəcə dünyaya baxışı dəyişir və hamının xəyanət etdiyi, heç kimə güvənməyin mümkün olmadığı, sevginin mütləq ağrı ilə gəldiyi kimi ümumiləşdirilmiş inanclar formalaşa bilir. Halbuki bunlar həyatın yox, ssenarinin qaydalarıdır. Digər diqqətdən qaçan məqam isə odur ki, seriallar çox vaxt emosiyanı sağlam ünsiyyətdən üstün göstərir.
Psixoloq qeyd edib ki, sakit, hörmətli və sabit münasibətlər ekranda maraqlı görünmür, amma qışqırıq, qısqanclıq, manipulyasiya və dramatik barışmalar reytinq gətirir:
“İnsan beyni isə güclü emosiyalar yaradan hadisələri daha yaxşı yadda saxlayır. Nəticədə xüsusilə yeniyetmələrdə qısqanclığın sevginin göstəricisi olduğu, davamlı mübahisənin münasibəti daha dəyərli etdiyi kimi yanlış romantik inanclar yarana bilir. Məncə seriallar həm cəmiyyəti əks etdirir, həm də zamanla onu formalaşdırır. Çünki insanlar müşahidə etdikləri davranışları öyrənməyə meyillidirlər. Əgər ekranda manipulyasiya edən, yalan danışan və ya zorakılıq göstərən obraz sonda uğur qazanır, istədiyini əldə edir və ya heç bir nəticə ilə qarşılaşmırsa, xüsusilə gənc izləyicilər üçün bu davranışlar şüuraltı şəkildə qəbul edilə bilən modelə çevrilə bilər. Ən həssas qrup isə uşaqlar və yeniyetmələrdir. Onlar sadəcə hadisəni izləmir, münasibət qurma formasını da öyrənirlər. Əgər ailədə bu mövzular müzakirə olunmursa, ekranda gördüklərini real həyatın norması kimi qəbul edə bilərlər. Məsələn, emosional şantajı qayğı, həddindən artıq nəzarəti sevgi, qısqanclığı isə bağlılıq kimi dəyərləndirməyə başlaya bilərlər. Buna görə də problem serial izləməkdə deyil, onu tənqidi düşünmədən izləməkdədir. İnsan izlədiyini analiz etməyi bacardıqda, yəni bu davranış sağlamdırmı, real həyatda bunun nəticəsi nə olar kimi sualları özünə verdikdə, artıq passiv tamaşaçı yox, düşünən izləyiciyə çevrilir və məhz bu, ekran məzmununun psixoloji təsirini əhəmiyyətli dərəcədə azaldır”.
Məhəbbət Tərlanoğlu
13:30 05.08.2026
Oxunuş sayı: 55