ABŞ robot-tozsoranları milli təhlükəsizlik üçün risk elan etdi
ABŞ Federal Rabitə Komissiyası (FCC) xaricdə istehsal olunan ağıllı robot-tozsoranları və bəzi digər robotlaşdırılmış cihazları milli təhlükəsizlik üçün potensial risk hesab edib. Qurum bu qurğuların kiberhücumlar, məlumatların toplanması və uzaqdan idarə olunma baxımından təhlükə yarada biləcəyini bildirir.
Crossmedia.az xəbər verir ki, "The New York" Post bu barədə məlumat yayıb.
FCC-nin qərarına əsasən, sərt nəzarətə xaricdə istehsal olunan "qabaqcıl robotlaşdırılmış cihazlar", o cümlədən yeriyə və müxtəlif hərəkətlər edə bilən humanoid robotlar, eləcə də şəbəkəyə qoşulan invertorlar daxil edilib. Qurumun apardığı araşdırmadan sonra bu cihazların bir qismi ABŞ-ın kibertəhlükəsizliyi və kritik infrastrukturuna potensial təhdid kimi qiymətləndirilib.
Komissiyanın açıqlamasında bildirilib ki, xaricdə istehsal olunan ağıllı texnika istifadəçiləri izlənmə riskinə məruz qoya bilər.
FCC rəsmilərinin sözlərinə görə, bu cür robot sistemlərinin şəbəkə imkanları məlumatların manipulyasiyası və cihazların fiziki fəaliyyətinə müdaxilə üçün geniş imkanlar yaradır. Qurum hesab edir ki, belə qurğular xarici xüsusi xidmət orqanları üçün məlumat toplaya və ya uzaqdan idarəetmənin ələ keçirilməsi məqsədilə hədəfə çevrilə bilər.
Yeni məhdudiyyətlər yalnız bundan sonra sertifikatlaşdırılacaq cihazlara şamil olunacaq. Hazırda ABŞ vətəndaşlarının evlərində istifadə olunan robot-tozsoranlar qadağaya düşmür. Bundan əvvəl FCC tərəfindən təsdiqlənmiş modellərin satışı, idxalı və reklamı da davam etdirilə biləcək.
Sənəddə konkret brendlərin adı göstərilməsə də, bazarın aparıcı istehsalçıları olan "iRobot", "SharkNinja", "Dyson", "Samsung" və "LG" məhsullarını əsasən Çin, Vyetnam, Malayziya və İndoneziyada istehsal edir.
Məlumatda qeyd olunur ki, məşhur "Roomba" robot-tozsoranı 2002-ci ildə ABŞ-ın "Robot" şirkəti tərəfindən yaradılıb. Lakin hazırda bu məhsulun hüquqları Çinin "Shenzhen Picea Robotics" və "Santrum Hong Kong" şirkətlərinə məxsusdur.
FCC-nin yeni qaydaları daxili sensorlar, lidar sistemləri və ağıllı xəritələndirmə texnologiyaları ilə təchiz edilmiş avtonom elektron cihazları da əhatə edir. Bu qurğuların naviqasiyası proqram təminatı, sensorlar və süni intellekt alqoritmləri əsasında həyata keçirilir.
06:20 02.08.2026
Oxunuş sayı: 114