Viza almaq üçün 20 min dollar - ABŞ-dən yeni qərar
ABŞ avqustun 3-dən etibarən bir sıra ölkələrin vətəndaşlarından turist və biznes vizası üçün müraciət zamanı 20 min dollara qədər viza depoziti tələb edə biləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş məlumatında qeyd olunub.
Yeni qayda B-1 və B-2 kateqoriyalı vizalara müraciət edən şəxslərə şamil ediləcək. Konsulluq əməkdaşları ABŞ-də qalma qaydalarına riayət olunacağına və müraciət edən şəxsin vaxtında ölkəni tərk edəcəyinə zəmanət kimi depozit tələb edə biləcəklər.
Dövlət Departamentinin məlumatına görə, depozitin tələb olunub-olunmayacağına konsulluq əməkdaşları fərdi qaydada qərar verəcəklər.
Belə depozit tələb oluna biləcək ölkələrin siyahısına ümumilikdə 50 dövlət daxil edilib. Siyahıda əsasən Afrika ölkələri yer alır. Qırğızıstan, Tacikistan və digər dövlətlər də siyahıya salınıb.
Rusiya isə bu siyahıya daxil edilməyib.
21:47 01.08.2026
Oxunuş sayı: 53