Araşdırma: Müasir elektron siqaretlər yeniyetmələrə daha çox nikotin ötürür
Müasir elektron siqaretlərin yeniyetmələrin orqanizminə əvvəlkindən xeyli çox nikotin ötürdüyü müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, nəticələri "JAMA Psychiatry" jurnalında dərc olunan araşdırmada 2024-cü ilin sonlarında yeniyetmələrin sidiyində nikotinin əsas parçalanma məhsulu olan kotinin səviyyəsinin cəmi bir neçə ay ərzində təxminən üç dəfə artdığı aşkarlanıb.
Tədqiqat psixoaktiv maddə istifadəsi ilə bağlı pozuntular səbəbindən müalicə alan 13–19 yaşlı 150-dən çox yeniyetməni əhatə edib. Alimlər 2023–2025-ci illər ərzində toplanmış 1900-dən çox sidik analizini araşdırıblar.
Məlum olub ki, 2024-cü ilin oktyabrından sonra kotininin orta maksimal konsentrasiyası hər millilitrdə təxminən 1062 nanoqramdan 2959 nanoqrama yüksəlib. Ən yüksək göstəricilər qeydə alınan bütün yeniyetmələrin elektron siqaretdən istifadə etdiyi təsdiqlənib.
Tədqiqatçılar hesab edirlər ki, bu artım yeni nəsil elektron siqaretlərin geniş yayılması ilə əlaqədardır. Müasir cihazlarda daha yüksək konsentrasiyalı nikotin duzlarından istifadə olunur, birdəfəlik elektron siqaretlər isə daha böyük maye tutumuna malik olduğundan bir istifadədə daha çox nikotin qəbul edilir.
Mütəxəssislərin fikrincə, nikotinin bu qədər yüksək təsiri yeniyetmələrin inkişaf edən beyni üçün ciddi risk yarada bilər. Onlar bildirirlər ki, uzunmüddətli təsirlər illər sonra yaddaş, öyrənmə qabiliyyəti, emosiyaların idarə olunması və qərarvermə bacarığında özünü göstərə bilər.
Ekspertlər risklərin azaldılması üçün elektron siqaretlərdə nikotinin maksimal miqdarına məhdudiyyət qoyulmasını, həmçinin nikotinin kəskin dadını gizlədərək istifadəsini asanlaşdıran soyuducu əlavələrin qadağan edilməsini təklif edirlər.
04:20 02.08.2026
Oxunuş sayı: 85