Hiperkitap rəqəmsal verilənlər bazasının nümayəndələri ilə MEK-də görüş keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin ən böyük rəqəmsal kitab platformalarından biri olan “Hiperkitap”ın nümayəndələri, layihə müdiri İsmail İşleyen və əməkdaş Hilmi Oğuz ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşün məqsədi əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi, rəqəmsal kitabxana xidmətlərinin təkmilləşdirilməsi, elektron resursların beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsi olub.
Qonaqları öncə MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qəbul edib. Direktor qeyd edib ki, hər iki qurum arasında uğurlu əməkdaşlıq mövcuddur. Bu çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən mütəmadi olaraq göndərilən elektron nəşrlərin platformanın rəqəmsal kolleksiyasında yer alması, beləliklə daha geniş oxucu auditoriyasına çatdırılması qarşıya qoyulan prioritet istiqamətlərdəndir.
Görüş zamanı elektron kitabxana sistemlərinin inkişafı, müasir kitabxanaçılıq yanaşmaları, rəqəmsal informasiya resurslarının idarə olunması, beynəlxalq standartlara uyğun PDF formatlı elektron nəşrlərin kitabxana sistemlərinə inteqrasiyası və istifadəçilərə təqdim edilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində “Hiperkitap” nümayəndələri MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və MEK-in Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri vəzifəsini icra edən, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanovun müşayiəti ilə kitabxananın müxtəlif şöbələri ilə tanış olublar. Qonaqlar Kitabxanada rəqəmsallaşdırma, elektron resursların hazırlanması və idarə olunması istiqamətində görülən işləri yerində izləyiblər, tətbiq olunan qabaqcıl təcrübələr haqqında məlumat alıblar.
Görüş çərçivəsində İsmail İşleyen rəqəmsal vəsaitlərin strukturlaşdırılması və idarəsi, axtarışının asanlaşdırılması və sistemli şəkildə arxivlənməsi prosesi, onlardan səmərəli istifadə mexanizmləri və bu sahədə tətbiq olunan qabaqcıl təcrübələr, eləcə də müəllif hüquqlarının qorunması barədə ətraflı məlumat da verib.
18:05 23.07.2026
Oxunuş sayı: 58