İki dəqiqəyə darmadağın olan “söyüş müxalifəti”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə xaricdə məskunlaşaraq söyüş və təhqirə söykənən “müxalifətçilik” oynayan Tural Sadıqlı arasında baş verən 2 dəqiqə 15 saniyəlik ayaqüstü söhbət illərdir xaricdə qurulan siyasi şounun sabun köpüyü olduğunu bütün Azərbaycana nümayiş etdirdi. Bu qısa zaman kəsiyi radikal ritorikanın içi boş pafosunu yerlə-yeksan etməyə tamamilə bəs etdi. Təcrübəli və təmkinli diplomat Hikmət Hacıyev qarşısındakının irəli sürdüyü hoqqabazlıqları faktlarla elə yerindəcə ifşa etdi.
Səhnə 1: “Peşəkar jurnalist” maskasının cırılması
T. Sadıqlı Azərbaycanda medianın guya azad olmamasından gileylənir, özünü “müstəqil və peşəkar jurnalist” kimi sırımağa çalışır. H. Hacıyevin cavabı isə soyuq duş effekti yaradır: “Düşünə bilərsiniz ki, Azərbaycanda hər kəs sizin efirinizə baxır, amma reallıq belə deyil. Mən Azərbaycan mediasını yaxından izləyirəm və ölkədə kifayət qədər peşəkar media var.” Bəli, özünü analitik sayan birinin bütün cəmiyyəti öz kiçik ekrandakı auditoriyasından ibarət zənn etməsi onun siyasi dünyagörüşünün miqyasını açıq-aşkar ortaya qoyur.
Səhnə 2: Yüz minlərdən minlərə enən “statistika”
Hər addımda yalan statistika ilə manipulyasiya etməyə vərdiş etmiş T. Sadıqlı əvvəlcə Azərbaycandan Avropaya sığınanların sayının “yüz minlərlə” olduğunu iddia edir. Səsləndirdiyi rəqəmin absurdluğunu qarşısındakı diplomatın istehzalı baxışlarından hiss edən kimi iddiasını “on minlərlə”, bir neçə saniyə sonra isə “minlərlə”yə endirir. Hikmət Hacıyev bu siyasi həvəskarlığa da dəqiqliklə cavab verir: “İnsanlar seçim edir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların sayını şişirdirsiniz. Bu seçimdir. Necə ki, siz də vaxtilə Azərbaycanda normal yaşayırdınız, amma şəxsi seçiminizi edib Avropaya köçdünüz.” Rəqəmlərlə hoqqabazlıq edən “müxalifətçi” yenə də faktlar qarşısında susub mövzunu dəyişməyə məcbur olur.
Səhnə 3: Dövlətdən dəvətnamə gözləyən zehniyyət
T. Sadıqlının “Məni Azərbaycana dəvət edin, Azərbaycana gəlim” tələbi isə siyasi savadsızlığın pik nöqtəsidir. Dövlət öz vətəndaşına ölkəsinə gəlmək üçün “xüsusi dəvətnamə” göndərmir. Əgər Azərbaycan vətəndaşısansa, öz seçiminlə gələrsən, gəzərsən və ya qalıb xalqına xidmət edərsən. Amma məsələ burasındadır ki, xalq adından danışan bu şəxs vaxtilə öz şəxsi mənafeləri naminə vətəndaşlıqdan imtina edib. Yaşadığı ölkənin hüquq-mühafizə orqanlarına onun psixoloji problemləri ilə bağlı şikayətlərin daxil olduğu bildirilən bir bioqrafiyanın sahibi indi dövlətçilik dərsi keçməyə çalışır. Tural Sadıqlı isə orada deyə bilmədi ki, vaxtilə burada yaşamaq üçün ailə həyatı qurub, məqsədinə çatdıqdan sonra isə 7 yaşlı qızını və həyat yoldaşını tərk edib.
Səhnə 4: Xalqa xidmət, yoxsa düşmən dəyirmanına su tökmək?
T. Sadıqlı hər fürsətdə “xalqa xidmət etdiyini” iddia edir. Lakin H. Hacıyev elə bir faktı xatırladır ki, bu an T. Sadıqlının əvəzinə utanc hissi keçirməmək mümkün deyil. Tural orada dizini yerə qoyub üzr istəmədisə, həqiqətən də acınacaqlı vəziyyətdədir.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu doğma torpaqlarımızda qondarma rejimə qarşı antiterror əməliyyatı keçirərkən T. Sadıqlı “Facebook” sosial şəbəkəsində belə bir paylaşım etmişdi:
“Azərbaycan Xankəndidə antiterror əməliyyatında PUA-lardan istifadə edir. Xankəndidəki insanlar ora-bura qaçır, zirzəmilərdə gizlənirlər.”
Özü məcburi köçkün olan bir şəxsin 90-cı illərin faciələrini, Xocalını, Ağdamı, Laçını unudub separatçıların halına bu qədər canıyananlıq göstərməsi onun əslində kimin maraqlarına “xidmət” etdiyini aydın göstərir. Tural Sadıqlı belə həssas bir zamanda nə üçün xidmət etdiyini iddia etdiyi xalqın maraqlarından çıxış etmədi? Ermənilərəmə acıdı? Onlar 30 il əvvəl Turalı, anasını, atasını Ağdamdan qovanda acımışdılarmı? Bəlkə də vəfa borcunu ödəyirdi, kim bilir?
Maraqlıdır ki, bu, ilk hadisə də deyil.
Zəfər Gününə münasibət
Müzəffər Ordumuzun tarixi qələbəsini əbədiləşdirən Zəfər Günü haqqında T. Sadıqlı 9 noyabr 2021-ci ildə “Facebook” hesabında yazırdı: “Hakimiyyət özünə lazım olan bir bayram yaratdı.” Bir məcburi köçkün üçün 30 illik həsrətin bitməsi “özlərinə lazım olan bayram” idimi? Bu zəfəri bu xalq illərdir gözləyirdi. Bu zəfər son 300 ilin zəfəridir. Bu zəfər Xalq–Ordu–Ali Baş Komandan birliyinin zəfəridir!
Səfirlik aksiyasına bəraət
2022-ci il avqustun 5-də radikal dini qruplaşmalar Azərbaycanın Londondakı səfirliyinə hücum edib bayrağımızı ayaqlar altına alanda T. Sadıqlı bunu “azərbaycanlıların çoxdan etməli olduğu aksiya” adlandıraraq dövlət atributlarına qarşı təhqiri dəstəkləmişdi. Həmçinin səfirliyə barbarcasına hücum edən həmin qruplaşma haqqında “Onlar terrorçu deyil, rəsmi qeydiyyatdan keçmiş təşkilatdır” deyə bildirmişdi.
Bu 2 dəqiqə 15 saniyəlik canlı təmas sadəcə iki fərqli şəxsin ayaqüstü dialoqu deyil, iki diametral əks təfəkkür sisteminin – soyuqqanlı dövlətçilik təfəkkürü ilə marginallaşmış siyasi populizmin toqquşması idi. İllərdir sosial şəbəkə ekranlarının arxasında gizlənərək təhqir, şayiə və dezinformasiya üzərində “qəhrəmanlıq” obrazı yaradan radikal kəsim canlı təmasda peşəkar diplomatik hazırlıq qarşısında tam mənası ilə aciz qaldı.
Hikmət Hacıyevin heç bir emosiyaya qapılmadan, sırf faktlar, məntiq və siyasi təmkin üzərində qurduğu mövqe Tural Sadıqlının iddialarını cəmi bir neçə cümlə ilə darmadağın etdi.
Bu qısa görüş cəmiyyət üçün açıq bir dərs rolunu oynadı. Xalq ən ekstremal və həssas məqamlarda kimin dövlət maraqlarını, milli qüruru qoruduğunu, kimlərin isə şəxsi mənafeyi naminə düşmən dəyirmanına su tökdüyünü bir daha aydın gördü. Bəlağətli pafos, şantaj və söyüş ritorikası reallığın və peşəkar diplomatiyanın divarına çırpılaraq birdəfəlik iflas etdi.
07:48 22.07.2026
Oxunuş sayı: 71