ABŞ-nin yeni hərbi planı: Asiyada böyük güclərin rəqabəti qızışır
ABŞ ilə Rusiya arasında geosiyasi rəqabət yeni mərhələyə qədəm qoyur. Vaşinqtonun Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu gücləndirməsi, Cənubi Koreya və Yaponiya ilə əməkdaşlığını genişləndirməsi beynəlxalq münasibətlərdə yeni balansın formalaşdığına dair müzakirələri artırıb. Ekspertlər hesab edirlər ki, bu proses təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal güclərin təsir dairələrinin yenidən bölüşdürülməsinin tərkib hissəsidir. Xüsusilə ABŞ-nin "Typhon" raket sistemləri ilə bağlı planları Rusiyanın sərt reaksiyasına səbəb olub. Analitiklər bildirirlər ki, Asiya-Sakit okean regionunda hərbi aktivliyin artması yeni silahlanma yarışını sürətləndirə və qarşıdurma riskini yüksəldə bilər. Mövcud vəziyyət həm də enerji marşrutları, tranzit xətləri və böyük dövlətlərin strateji maraqları baxımından diqqətlə izlənilir. Bütün bunlar qarşıdakı dövrdə regionun qlobal siyasətin əsas mərkəzlərindən biri olaraq qalacağını göstərir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib: "ABŞ indi özünün hərbi-siyasi xəritəsini yenidən cızır. Təsadüfi deyil ki, ABŞ NATO-dan uzaqlaşmağa qərar verir. Digər tərəfdən deyirlər ki, məkan heç vaxt boş qala bilməz. ABŞ NATO-dan uzaqlaşırsa, deməli, onların yerini kimsə tutacaq. Bu situasiyada ABŞ daha geniş təhlükəsizlik çətirinin formalaşmasına imkan verir. Bu, Donald Trampın şəxsi siyasəti deyil. ABŞ-də "establishment" adlandırılan dərin siyasi dairələr var və strateji qərarlar da əsasən onlar tərəfindən qəbul olunur. Onlar başa düşürlər ki, dünya yeni formatlaşma mərhələsinə qədəm qoyub. Ənənəvi təsir dairələri artıq dəyişir, yeniləri formalaşır. Cənubi Koreya, Yaponiya, Filippin, hətta Vyetnam bu prosesin iştirakçılarına çevriliblər. Siyasətdə bu cür transformasiyalar normaldır. Körfəzdə baş verən hadisələr göstərdi ki, ABŞ raket və silah ehtiyatı baxımından müəyyən çətinliklərlə üzləşdi. İran daha ucuz pilotsuz aparatlarla müharibə apardığı halda, ABŞ onları milyonlarla dollar dəyərində raketlərlə zərərsizləşdirirdi. Bu isə iqtisadi baxımdan sərfəli deyil. Digər tərəfdən, İsrailin hava məkanının qorunması üçün ABŞ Uzaq Şərqdən, o cümlədən Cənubi Koreyadan THAAD hava hücumundan müdafiə sistemlərini gətirdi. Bu, ABŞ- nin qlobal hərbi imkanlarının göstəricisidir. ABŞ harada lazım bilirsə, oraya silah və hərbi texnika daşımaq imkanına malikdir. Rusiya ilə ABŞ arasında yaxınlaşma barədə səslənən fikirlər reallığı əks etdirmir. Bu iki dövlət tarixən rəqib olublar və gələcəkdə də rəqib olaraq qalacaqlar".
O, bildirib ki, hazırda Rusiya həm Ukrayna ilə müharibə, həm də xarici siyasətdə üzləşdiyi problemlər səbəbindən daha çətin vəziyyətdədir: "ABŞ isə fərqli üsullarla Rusiyaya təzyiq göstərməyə çalışır. Vaşinqtonun bugünkü addımlarının nəticələri dərhal deyil, müəyyən müddətdən sonra üzə çıxa bilər. Rusiya Cənubi Koreyada "Typhon" raket sistemlərinin yerləşdirilməsini diqqətlə izləyir. Hərbi siyasətdə belə bir prinsip var: əgər bir tərəf yeni silah sistemi əldə edirsə, digər tərəf mütləq onun əksini hazırlamalıdır. Rusiya başa düşür ki,
"Typhon" effektiv raket sistemidir. Buna görə də həm onu zərərsizləşdirəcək müdafiə vasitələri, həm də daha üstün imkanlara malik yeni raketlər hazırlamağa çalışacaq. Asiya-Sakit okean regionunda həm Rusiyanın, həm ABŞ-nin, həm də digər dövlətlərin maraqları toqquşur. Bu isə gərginliyi daha da artırır. Tramp dövründə İkinci Dünya müharibəsindən sonra formalaşmış iki böyük təhlükəsizlik sistemi faktiki olaraq yenidən qurulur. Bunlardan biri Avroatlantik sistemidir. Digəri isə Asiya-Sakit okean təhlükəsizlik sistemidir. ABŞ bu regionda yeni hərbi format yaradır. Məqsəd Rusiyanın və Çinin potensialını balanslaşdıracaq daha güclü hərbi blok formalaşdırmaqdır.Rusiya Ukrayna müharibəsində özünün müəyyən qədər geridə qaldığını gördü. Bu, tarixdə Krım müharibəsindən sonra yaranan vəziyyətə bənzəyir. O zaman da Rusiya başa düşmüşdü ki, silahlarını yeniləməlidir. Bu gün də yeni texnologiyalara yiyələnmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Rusiya və İran hərbi texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlıq edir. Bəzi istiqamətlərdə Rusiya, bəzi istiqamətlərdə isə İran daha güclüdür və tərəflər bu imkanlardan qarşılıqlı şəkildə istifadə edirlər.Hazırda dünya yeni geosiyasi bölgü mərhələsinə daxil olur. ABŞ üçün əsas prioritet enerji daşıyıcılarına və beynəlxalq tranzit marşrutlarına nəzarətdir. Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və Malakka boğazı strateji əhəmiyyət daşıyır. ABŞ çalışacaq ki, bu keçidlər üzərində təsir imkanlarını gücləndirsin. Böyük dövlətlər artıq silahlanmanı dövlət proqramına çeviriblər. Ən vacib məsələ isə odur ki, bu qarşıdurma heç vaxt nüvə silahından istifadəyə qədər gedib çıxmasın".
Zeynəb Həsən
17:30 20.07.2026
Oxunuş sayı: 59