Minalara görə Ermənistan Azərbaycana təzminat ödəyə bilər
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi bu gün də Azərbaycanın üzləşdiyi ən ciddi humanitar və hüquqi problemlərdən biri olaraq qalır. Minaların partlaması nəticəsində insanların həyatını itirməsi və xəsarət alması ilə yanaşı, bu təhlükə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını da ləngidir. Eyni zamanda, minalarla çirklənmiş ərazilərdə tikinti, infrastruktur layihələri və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi ciddi risklər yaradır. Azərbaycan tərəfi dəfələrlə Ermənistanın mina xəritələrini təqdim etməsi məsələsini gündəmə gətirib. Mina hadisələrinin hüquqi qiymətləndirilməsi isə yalnız faktın baş verməsi ilə məhdudlaşmır və dövlət məsuliyyətinin müəyyən edilməsi üçün konkret sübutların toplanmasını tələb edir. Beynəlxalq hüquqda kompensasiya məsələsinin gündəmə gəlməsi üçün minaların mənşəyi, onların hansı ərazidə və hansı dövrdə yerləşdirilməsi, eləcə də dövlətlə konkret hadisə arasında səbəbli əlaqənin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, hər bir mina hadisəsinin ayrıca sənədləşdirilməsi gələcək hüquqi proseslər üçün əhəmiyyətli baza yarada bilər. Azərbaycan tərəfinin beynəlxalq məhkəmələrdə mina məsələsini gündəmə gətirməsi də problemin hüquqi müstəvidə həllinə yönəlmiş addımlardan biri kimi qiymətləndirilir. Hüquqşünaslar hesab edirlər ki, gələcəkdə mina qurbanlarına və dövlətə dəymiş zərərin kompensasiyası ilə bağlı müxtəlif hüquqi mexanizmlərin tətbiqi mümkün ola bilər.
Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın mina qurbanlarına görə təzminat ödəməsi məsələsi beynəlxalq hüquqi əsaslar çərçivəsində, konkret sübutlar əsasında qiymətləndirilməlidir:
“Əlbəttə ki, belə bir tələb irəli sürmək üçün beynəlxalq hüquqi əsaslar var. Lakin bir məsələni burada dəqiqləşdirmək, dəqiq ayırmaq lazımdır: “Mina partlayıb, Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb. Deməli, Ermənistan avtomatik olaraq təzminat ödəməlidir” – beynəlxalq hüquqda məsələ bir qədər sadə həll olunmur.
Təzminat üçün əvvəlcə məsuliyyət sübuta yetirilməlidir: konkret mina harada və nə vaxt basdırılıb? Həmin ərazi o dövrdə kimin nəzarətində olub? Minanın mənşəyini müəyyən etmək mümkündürmü? Ermənistanın hərəkətləri ilə konkret ölüm və xəsarət arasında səbəbli əlaqə varmı?
Bunlar əsas suallardır. Çünki beynəlxalq müstəvidə dövlət məsuliyyəti ehtimalla deyil, sübutlarla əsaslandırılır. Hazırda bununla bağlı yetərli qədər sübutlarımız vardır. O torpaqlar işğal altında olmuşdur. Həmin torpaqlar Avropa İnsan Hüquqları Məhkəməsinin də “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarına görə Ermənistan silahlı qüvvələrinin nəzarətində idi və bunu bütün dünya da gördü. Minaları da onlar orada basdırmışdır, Azərbaycan tərəfindən orada minalar olmamışdır. Biz minaları təmizləyiriksə, deməli, minaları basdırmamışıq və bunu bütün dünya da görür.

Əminliklə qeyd etmək olar ki, minaların mənşəyi ilə bağlı da məlum olur ki, bir çox minaların istehsal yeri Ermənistandakı mina istehsalı zavodu olmuşdur. Bunlarla bağlı kifayət qədər sübutedici hallar vardır. Həm həmin dövrdə nəzarət Ermənistanda olub, minaların basdırılması müddəti də həmin dövrə təsadüf edib, həm də onların mənşəyinin Ermənistan Silahlı Qüvvələrinə aid olduğu müəyyənləşdirilib. Biz dəfələrlə onlara müraciət etmişik ki, mina xəritələrini versinlər, lakin bu günə qədər tam dəqiqləşdirilmiş mina xəritələrini bizə verməyiblər".
Hüquqşünas əlavə edib ki, əgər dövlətə aid edilə bilən beynəlxalq hüquqa zidd hərəkət nəticəsində zərər vurulduğu müəyyən edilirsə, həmin zərərin aradan qaldırılması, o cümlədən kompensasiya məsələsi də ortaya çıxa bilər: "Mina qurbanları ilə bağlı söhbət yalnız ölüm və xəsarətdən getmir; müalicə və reabilitasiya xərcləri, əmək qabiliyyətinin itirilməsi, ailəyə dəymiş maddi zərər, həmçinin ətraf mühitə dəyən ziyan da nəzərə alınmalıdır. Hətta Azərbaycan dövləti də bununla bağlı məhkəməyə müraciət edə bilər.
Qeyd etdiyiniz statistika problemin yalnız bir tərəfini göstərir. Mina təhlükəsinin vurduğu zərəri təkcə qurbanların sayı ilə ölçmək düzgün olmazdı. Əlbəttə, bu çox əhəmiyyətlidir, çünki vətəndaşlarımız həlak olur, insanlığa qarşı cinayət törədilir. Lakin minalar insanların öz evlərinə təhlükəsiz qayıdışını ləngidir, torpaqlardan istifadə edilməsinə mane olur, yolların, yaşayış məntəqələrinin və digər infrastrukturun bərpasını çətinləşdirir. Dövlət həmin ərazilərin minalardan təmizlənməsinə böyük vəsait və resurs sərf edir. Yəni fərdi zərərlə yanaşı, dövlətə vurulan daha geniş iqtisadi və sosial zərərdən söhbət gedir.
Məsələ artıq beynəlxalq hüquq müstəvisinə çıxarılmışdır. Azərbaycanın Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işdə minaların və mina tələlərinin yerləşdirilməsi ilə bağlı faktlar təqdim olunub. Məhkəmənin 12 noyabr 2024-cü il tarixli qərarında Ermənistanın bu məsələnin məhkəmə baxışından çıxarılması barədə etirazı qəbul edilmədi. Ancaq bunu da dəqiq deməliyik ki, həmin qərar Ermənistanın mina qurbanlarına görə təzminat ödəməli olduğunu müəyyən edən yekun qərar deyil. Əlbəttə ki, daha sonra bununla bağlı qərarlar ola bilər.
Ayrı-ayrı mina qurbanları və onların ailələri Beynəlxalq Ədalət Məhkəməsinə birbaşa müraciət edə bilməzlər, çünki orada tərəflər yalnız dövlətlərdir. Amma onlar Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə bilərlər və hesab edirəm ki, bunu etməlidirlər. Məhkəmə konkret mina hadisələrinə görə Ermənistanın məsuliyyətini və kompensasiya məbləğlərini gələcəkdə müəyyən edə bilər.
Gələcəkdə dövlətlərarası razılaşmalarda ayrıca kompensasiya mexanizminin, İddialar Komissiyasının və ya başqa meyar və reparasiya mexanizmlərinin yaradılması mümkündür. Mina problemini yalnız ərazilərin təmizlənməsi məsələsi kimi görmək doğru olmazdı. Biz, ilk növbədə, insan həyatı və insanların öz yurdlarına təhlükəsiz qayıdışı məsələsinə fokuslanmalıyıq.
Hər bir mina hadisəsi yalnız statistikanın növbəti rəqəmi kimi qeydə alınmamalıdır. Hər ölüm, hər xəsarət ayrıca insan faciəsi olmaqla yanaşı, gələcək hüquqi proses üçün sənədləşdirilməli faktdır. Baş Prokurorluq tərəfindən peşəkar istiqamətdə istintaq aparılır və hər bir baş verən mina hadisəsi ilə bağlı cinayət işi qaldırılır. Hadisənin yeri, vaxtı, minanın növü, mənşəyi, ərazinin əvvəlki nəzarətçiləri, ekspertiza materialları, zərərçəkənlərin tibbi sənədləri və dəymiş ziyan təmkinlə sənədləşdirilir. Xüsusilə 2020-ci ildən sonra basdırıldığı müəyyən edilən minalarla əvvəlki dövrdən qalan minaların fərqləndirilməsi hüquqi baxımdan böyük əhəmiyyət kəsb edir.
Gələcək təzminat məsələlərinin hüquqi gücü, hər şeydən əvvəl, toplanan sübutların keyfiyyətindən asılı olacaqdır. Bu istiqamətdə mühüm addımlar atılır və yüksək keyfiyyətli sübutlar toplanmaqdadır”.
Zeynəb Həsən
20:22 08.09.2026
Oxunuş sayı: 49