Putin-Tramp danışığında mühüm mesajlar
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib və tərəflər Ukrayna münaqişəsinin mümkün qədər tez başa çatdırılması məsələsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu barədə məlumat yayıb.
Uşakovun sözlərinə görə, təxminən bir saat davam edən telefon danışığında Putin və Tramp ötən həftəsonu Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə ediblər.
Uşakov bildirib ki, Tramp Ukrayna münaqişəsinin mümkün qədər tez dayandırılmasının vacibliyini vurğulayıb. Putin isə müharibədəki vəziyyətlə bağlı öz mövqeyini ABŞ Prezidentinə ətraflı şəkildə çatdırıb.
Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Tramp münaqişənin başa çatmasının Rusiya ilə ABŞ arasında münasibətlərin tam bərpası üçün geniş imkanlar yaradacağını deyib.
ABŞ Prezidenti xüsusilə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin bərpasının hər iki dövlət üçün böyük faydalar verə biləcəyini bildirib.
Uşakovun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinin həllində əsaslı irəliləyişin məhz onun prezidentliyi dövründə əldə olunmasında maraqlıdır.
21:01 08.09.2026
Oxunuş sayı: 48